AZ

Gələcəyin müharibəsi: texnologiya, psixoloji təsir və regional risklər - ÖZƏL

İran-İsrail qarşıdurmasından sonra Türkiyə Milli Kəşfiyyat Akademiyası təhlükəsizlik sahəsində prioritetləri açıqlayıb: hava hücumundan müdafiə, erkən xəbərdarlıq, REM və PUA texnologiyaları, milli birlik və hipersəs raketlərinə qarşı müdafiə. Hesabat texnoloji üstünlüyün vacibliyini vurğulayır.
Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Olaylar.az-a açıqlama verib. Ekspertin  sözlərinə  görə  hesabat göstərir ki, müasir müharibələr yalnız texnoloji üstünlüyə deyil, həmin texnologiyanı kütləvi istehsala çevirə bilmək qabiliyyətinə əsaslanır:

"Hesabat çox maraqlıdır, çünki quru, konkret və rasional yazılıb. İdeoloji, lirik və pafoslu ifadələr yoxdur. Hesabatın təhlili diqqətimi çəkdi. Birincisi, vurğulanır ki, müasir müharibə əsasən havada aparılır. Havada aparılmasından başqa, paralel olaraq hibrid müharibə və kiber müharibə elementləri ilə zəngindir. Yəni, radioelektron mübarizə vasitələrinin əhəmiyyəti və s. bütün bunlar vurğulanır. Eyni zamanda, xüsusən İsrail tərəfinin hərəkətlərinin təhlili nəticəsində türklər belə qənaətə gəliblər ki, psixoloji əməliyyatların əhəmiyyəti olduqca vacibdir və ən əsası texnoloji üstünlükdən başqa, həmin texnoloji üstünlüyü seriya istehsala çevirmək lazımdır. Məsələn, hər hansı bir dronun modeli çox güclü və ya unikal ola bilər, lakin sənaye imkanlarınız varmı ki, həmin drondan ayda 200-300 ədəd istehsal edəsiniz? Bu və digər maraqlı fikirlər var.
 Sənədin əhəmiyyəti həm də ona görə artır ki, hazırda Türkiyə ilə İsrail arasında, ən azı media səviyyəsində, ciddi gərginlik yaşanır. Biz türk mediasının monitorinqini göstəririk ki, gündəmdə əsas mövzu İsrail məsələsidir. Ona görə də bu hesabat hazırda işimizə yarayır və əhəmiyyəti daha da artır.
Azərbaycan tərəfi isə iki səbəbdən bu məsələyə diqqət yetirməlidir. Birincisi, biz hərbi mənada Türk Silahlı Qüvvələri ilə əməkdaşlıq edirik və onlar bizim ən yaxın strateji tərəfdaşlarımızdır. Təhlükəsizlik baxımından türkiyəli qardaşlarımızın əldə etdiyi fikirlər çox maraqlıdır, diqqət yetirmək lazımdır. Oradakı fikirlər yalnız İran-İsrail 12 günlük münaqişəsinə aid deyil. Hesabatda qeyd olunur ki, Ukraynada gedən müharibə bəzi məqamların üst-üstə qoyulmasıdır və İran məsələsini də nəzərə almalıyıq.
İkincisi isə odur ki, həm İsrail bizim yaxın tərəfdaşımızdır, həm də İran qonşumuzdur. Regionda baş verən hər hansı toqquşmanın nəticələri həm operativ, həm də strateji baxımdan  Azərbaycana aidiyyatsız ola bilməz. Yəni, kiber təhlükəsizlik məsələsi, biz də həmin risklərlə üzləşə bilərik.
Məsələn, havada üstünlüyün əldə olunması vacibdir. Biz də 44 günlük Vətən müharibəsində havada üstünlüyü əldə etmişdik. Ondan sonra əməliyyatlarımız daha asan və məqsədyönlü şəkildə həyata keçirildi.
Orada aparılan təhlil və fikirlər, bir daha deyim, Azərbaycan Silahlı Qüvvələri və güc strukturları üçün çox faydalı olar. Hesabatda göstərilən risklər və ssenarilər yalnız İran-İsrail qarşıdurmasına aid deyil. Hipotetik olaraq, regionda baş verə biləcək hər hansı toqquşmaya da aid edilə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr