Əslində "Şkendiya"-''Qarabağ" oyununun nəticəsi gözlənilən idi. "Qarabağ"ın oyunu baxımından onu qeyd eləyə bilərəm ki, komandanın hələ də tam formaya düşmədiyi görünürdü və bu da gözlənilən idi. Çünki təlim məşq toplantısı təzə başa vurulmuşdu. Komanda hələ optimal formasını yığa bilməyib, buna səbəb cəmi 2 dənə rəsmi matç keçirməsidir.
Çempionatımız isə hələ gələn həftə başlayacaq. Ona görə də komandanın rəsmi oyun təcrübəsi baxımından problemi var. Məsələn, bundan əvvəlki rəqibimizdə İrlandiyanın komandasında belə bir problem yox idi, çünki onlarda çempionat yaz-payız sistemi ilə keçirilir və onlar artıq yetərincə oyun keçirmişdilər. Ona görə də dinamik görünürdülər.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında idman jurnalisti Kənan Məstəliyev bildirdi.
''Şkendiya'' da daha çox oyun keçirdib və onların oyun forması ən azı "Qarabağ"dan daha yaxşı idi. Bu baxımdan, "Qarabağ"ın ilk 45 dəqiqədə üstün oynaması, ondan sonra məcburən geri çəkilməsi və oyunun sonlarına yaxın artıq öz qapısına sıxılması və oyunun əks-hücumda keçirməsi normal və gözlənilən idi. Rəqib meydançasında istəkli, daha əzmkar, öz azarkeşinin gözü önündə qələbə qazanmaq istəyən məcbur olan bir komandanın təzyiqi ilə arxaya çəkilmək normaldır. "Qarabağ"ın ikinci hissədəki oyunu yaxşı qiymətləndirmirəm, mənfi qiymətləndirirəm amma bu da gözləniləndir"
Fərdi baxımdan getsək, bəzi oyunçular öz performanslarından çox aşağı oynadılar. Xüsusilə də Emanuel Addaini göstərə bilərəm. Fəallığı, atletikliyi, qaçmağı, sürəti var amma onun futbol biliyi, yəni, futbol görünüşü yoxdur. Yəni sadəcə fiziki atletik olaraq yaxşıdır, qaçır, çalışır amma faydalı iş əmsalı çox aşağıdır və mən düşünürəm ki, artıq yavaş-yavaş bu futbolçu ehtiyat oyunçular skameniyasına oturacaq.
Pedro Bikalyo da yeni transferdir, hələ də özünü göstərə bilmir. Onun da sürəti, atletik hazırlığı yerində olsa da, faydalı iş əmsalı çox aşağıdır. Zubir üç dənə real qol epizodunu qaçırdı. Nəriman Axunzadə iki dənə real təkbətək, yəni 100%-lik qol epizodunu qaçırdı. Yəni ümumilikdə götürəndə futbolçularımız əllərinə düşən imkanlardan hətta yarısını belə istifadə etsəydilər, hesab 1 yox 4-0 olacaqdı. Əlimizə düşən imkanlardan yararlana bilməməyimiz bizim mənfi tərəfimizdir.
"Şkendiya" gözlənildiyi kimi praqmatik futbol oynayan komandadır. Yəni, duruma uyğun olaraq oynayırlar, "Qarabağ"a imkan verdikcə hücum eləyə bilirlər, imkan vermədikcə isə hücum edə bilmirlər. Onların xüsusi taktikaları, oyun tərzləri, fəlsəfələri yoxdur. Duruma görə, şans varsa qapıya gələcəklər, zərbələr vuracaqlar, təhlükəli epizodlar yaradacaqlar. Yox, "Qarabağ" öz oyununu oynasa, öz dominatlığını ortaya qoysa rəqibin heç bir şansı yoxdur. Biz bunu birinci oyunda gördük".
İdman jurnalisti hesab edir ki, cavab görüşündə baş məşqçi Qurban Qurbanov baş verənlərdən nəticə çıxarmalı və bilməlidir ki, rəqib o qədər də güclü deyil, zəifdir. Yəni, ən azından bizdən zəifdir. Biz bu komandanı rahatlıqla uda bilərik. Bunun üçün nə etmək lazımdır? Optimal formada olan futbolçularımızı meydana çıxarmalıyıq. Məsələn, Yankoviçin gəlməyi yaxşı oldu.
"Çünki Yankoviç meydana çıxandan sonra Kadi Borges daha rahat davranmağa başladı. Özünə aid olmayan, az qala dayaq yarım müdafiəçi mövqeyindən daha önə çıxdı ki, bu da dayaq nöqtəsini daha da rahatlaşdırdı. Sadəcə Kadi artıq yorulmuşdu deyə lazımi formada fəaliyyət göstərə bilmirdi. "Şkendiya"nın heç bir şansı yoxdur. Biz "Şkendiya"dan daha güclü komandayıq və mən əminəm ki, biz turu keçən tərəf olacağıq", - deyə Kənan Məstəliyev vurğuladı.