AZ

“Fitch”: “AFB Bank”ın korporativ və KOS kreditlərinin 70 %-dən çoxu 25 ən böyük borcalana məxsusdur

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın “AFB Bank” ASC-ni reytinq verilən təşkilatlar siyahısına qaytararaq, onun uzunmüddətli emitent defolt reytinqini (IDR) "B-"dən "B"yə qədər artırıb, reytinq üzrə proqnoz isə "sabit"dir.

“Report” “Fitch”ə istinadən xəbər verir ki, agentlik son dəfə bu bankı 2020-ci ildə qiymətləndirmişdi, o zaman reytinq "B"dən "B-"yə endirilmiş və daha sonra geri çağırılmışdı.

Agentlik “AFB Bank”a IDR ilə yanaşı "b" səviyyəsində həyat qabiliyyəti reytinqi (VR) və "dəstək yoxdur" dövlət dəstəyi reytinqi (GSR) təyin edib.

“Fitch” qeyd edir ki, “AFB Bank” bu ilin birinci yarısının sonuna bank sektorunun ümumi aktivlərinin və depozitlərinin 1 %-dən azını təşkil edərək sektorun kiçik iştirakçısı olaraq qalır. Bankın biznes modeli yüksək konsentrasiya ilə xarakterizə olunur – korporativ, eləcə də kiçik və orta sahibkarlıq üçün kredit portfelinin 70 %-dən çoxu 25 ən böyük borcalana məxsusdur. “Fitch” hesab edir ki, bu, kredit portfelini bazar şoklarına qarşı həssas edir.

Ötən ilin sonuna pərakəndə kreditləşmə bankın ümumi kreditlərinin 49 %-ni təşkil edib ki, bunun da 76 %-i aşağı riskli ipoteka kreditləri olub.

Bildirilir ki, bankın aktivlərinin keyfiyyəti zəifdir, lakin yaxşılaşmaya doğru gedir. Problemli kreditlərin payı ("Beynəlxalq Maliyyə Hesabatı Standartları 9" üzrə 3-cü mərhələ) 2024-cü ilin sonuna əvvəlki illə müqayisədə 15,6 %-dən 14,4 %-ə düşüb. Bu, kredit portfelinin orta həcminin 7,6 %-ni təşkil edən əhəmiyyətli silinmələr nəticəsində baş verib. 2-ci mərhələ kreditləri portfelin cəmi 1,4 %-ni təşkil edib. 3-cü mərhələ kreditləri üçün ehtiyatlar 60 %-ə qədər azalıb ki, “Fitch” bunu məqbul səviyyə kimi qiymətləndirir.

Agentlik problemli aktivlərin payının azalmağa davam edəcəyini və 2025-2026-cı illərdə təxminən 10 %-ə çatacağını gözləyir.

“Fitch” qeyd edir ki, dəyərsizləşmədən əvvəlki əməliyyat mənfəəti 2022-2024-cü illərdə orta kredit həcminin 3 %-dən çoxunu təşkil edib ki, bu da potensial zərərlərin qarşılanması üçün mülayim bufer təmin edir. Lakin əməliyyat mənfəətinin risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (RWA) nisbəti 2024-cü ildə 2,9 %-ə düşüb. Bu göstərici 2021-ci ildə 7,3 % təşkil edib. 2025-2026-cı illərdə kredit zərərlərinin artması ilə əlaqədar olaraq bu göstəricinin 2 % səviyyəsində normallaşması gözlənilir.

Agentliyin məlumatına görə, “AFB Bank”ın “Fitch Core Capital” (FCC) əmsalı 2024-cü ilin sonuna 39 %-dən 36 %-ə düşüb. Bu, 2023-cü ilin mənfəəti üzrə dividendlərin tam ödənilməsi və RWA-nın 3 % artması hesabına baş verib. Ancaq, bu yüksək göstərici olaraq qalır, hətta o, aktiv kreditləşmə zamanı 20 %-dən yüxarı səviyyədə ola bilər. Qeyd edilib ki, əsas səhmdarın dəstəyi də əlavə kapitallaşmanın potensial mənbəyi kimi nəzərdən keçirilir.

Bildirilib ki, ötən ilin sonuna müştəri depozitləri bankın öhdəliklərinin 61 %-ni təşkil edib, ümumi maliyyələşdirmə isə 36 %-ə çatıb. Bu maliyyələşmənin əsas hissəsi dövlətin inkişaf institutlarından alınmış, ucuz və uzunmüddətli kreditlərdən ibarətdir.

Bundan əlavə, “AFB Bank”ın depozit bazası yüksək konsentrasiya ilə xarakterizə olunur. Əlaqəli şirkətlərin vəsaitləri də buraya daxildir ki, bu da vəsaitlərin çıxarılmasına qarşı həssaslığı artırır.

“Fitch” bankın likvid buferinin depozitlərin 48 %-ni əhatə etməsini adekvat səviyyə kimi qiymətləndirir.

Agentlik, eyni zamanda qeyd edir ki, əgər kapitallaşmada əhəmiyyətli azalma baş verərsə (məsələn, zərərlər və ya həddindən artıq sürətli kredit artımı), ya da likvidliyin pisləşməsi halında, xüsusilə də bu, iri korporativ müştərilərin vəsaitlərinin çıxarılması ilə əlaqədar olarsa AFB-nin reytinqi aşağı salına bilər.

“Fitch”in məlumatına görə, bankının reytinqinin artırılması potensialı də məhduddur. Bu, yalnız bankın bazar mövqelərinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, biznes modelinin diversifikasiyası və risklərin idarə edilməsinə dair sistemin təkmilləşdirilməsi zamanı reallaşdırıla bilər.

Agentlik, həmçinin qeyd edir ki, emitentin qısamüddətli defolt reytinqləri "B" səviyyəsində qalır ki, bu isə "B" səviyyəsində olan cari uzunmüddətli IDR ilə mümkün olan maksimum səviyyədir.

Seçilən
87
50
report.az

1Mənbələr