ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaları mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşrutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir.
Sərnişinlər də öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər.
Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilirlər ki, onların da reysqabağı tibbi müayinəsi aparılmır.
Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu, mənzilbaşına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir", - müraciətdə qeyd olunub.
Qeyd edək ki, avqustun 7-də Şəmkir rayonu ərazisində yeddi nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin iştirakçısı olan 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı "Sprinter" mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib, həmçinin məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.