Klimatoloqlar cümə axşamı bildiriblər ki, keçən ay rekordlar başlayandan bəri Yer kürəsinin üçüncü ən isti iyulu olub və Türkiyədə rekord milli temperatur 50,5 dərəcə Selsiyə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, keçən ay planetdə rekord qıran temperaturda fasilə olsa da, alimlərin texnogen qlobal istiləşmə ilə əlaqələndirdiyi ekstremal iqlim şəraiti tendensiyası davam edib.
Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatına görə, iyul ayında qlobal səth havasının orta temperaturu 16,68 dərəcə Selsiyə çatıb ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 0,45 dərəcə yuxarıdır.
C3S-nin direktoru Karlo Buontempo vəziyyəti şərh edib: “Qlobal temperatur rekordları iki il əvvələ aid olan ən isti iyul tendensiyasını davam etdirməyib. Lakin bu, iqlim dəyişikliyinin dayandığı anlamına gəlmir. İyul ayında həddindən artıq istilər və fəlakətli daşqınlar kimi hadisələr fonunda getdikcə istiləşən dünyanın təsirlərinin şahidi olmağa davam etdik”.
Üstəlik, 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər olan 12 aylıq dövr qlobal istiləşməni cilovlamağa çalışan və 2016-cı ildə qüvvəyə minən Paris Sazişində maksimum olaraq müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini keçərək sənayedən əvvəlki səviyyələrdən 1,53 dərəcə daha isti olub.
Dünya hələ bir neçə onilliklər ərzində uzunmüddətli qlobal orta temperatura aid olan 1,5 dərəcə Selsi hədəfini rəsmi olaraq ötməyib. Bununla belə, bəzi alimlər bu həddən aşağı qalmağın artıq real olmadığını iddia edirlər. Onlar hökumətləri fəlakətli səviyyəyə çata biləcək qlobal istiləşmənin qarşısını almaq və ekstremal hava hadisələrinin artımını cilovlamaq üçün CO2 emissiyalarının azaldılmasını sürətləndirməyə çağırırlar.