Bakı, 7 avqust, AZƏRTAC
“Levski”nin “Sabah”la oyunlarda problem yaşayacağını gözləmirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri vaxtilə Azərbaycanda “İnter” (indiki “Şamaxı”) klubunun prezidenti olmuş Georgi Nikolov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Levski” və "Sabah" komandaları arasında keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Bolqarıstanlı funksioner Bakı klubunun heyətində təhlükəli futbolçuların olduğunu bildirib: “Coy-Lens Mikels, Pavol Şafranko və Cesse Sekidikanın adlarını qeyd edərdim. Onlar rəqibin əsas futbolçuları sayılırlar. “Levski”nin futbolçuları onlara diqqət yetirməlidir. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası “Ludoqorets”də işlədiyi vaxtdan tanıyırıq və onun oyun üslubuna bələdik. Azərbaycan təmsilçisi yeni yaranmış komandadır. “Levski”nin isə yüz ildən artıq tarixi var. Bu da müəyyən əhəmiyyət kəsb edir. Hazırda Bolqarıstan komandasında hər şey qaydasındadır. Doğma meydan və azarkeş dəstəyi “Levski”nin lehinə işləyən amildir”.
Qeyd edək ki, bu gün Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.