AZ

"...ən yaxşı tərəfi rəqibdən çəkinməməsidi" - Ceyhun Sultanov "Araz-Naxçıvan"a yardımından danışdı

Məlum olduğu kimi, "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı debütü uğurlu alındı.

Muxtar Respublika təmsilçisi 2-ci təsnifat mərhələsinin hər iki matçında baxımlı oyun nümayiş etdirərək cütün favoriti sayılan, iddialı Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdırdı və daha bir güclü komandaya - "Omoniya"ya (Cənubi Kipr) rəqib oldu.

İş ondadı ki, "qırmızı-ağlar"ın uğurlarında pay sahibi olanlar arasında təcrübəli menecer Ceyhun Sultanovun da adı var. Çünki o klubla rəsmi müqavilə imzalamasa da, əzmkar komandanın formalaşdırılması üçün vacib olan seleksiya prosesində yardımını əsirgəməyib.

Həm qeyd olunan məsələlər, həm də "Omoniya"ya qarşı matçlar haqda fikirlərini öyrənmək üçün Ceyhun bəylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Bəli, bildiyiniz kimi, klub rəhbərliyi ilə yaxşı münasibətimiz olduğuna görə qeyri-rəsmi işbirliyi etdik və seleksiya prosesində komandaya yardım etdim. Ancaq uğurların qazanılmasında ən böyük rol klub rəhbərliyi, baş məşqçi Elmar Baxşıyev və futbolçulara məxsusdu. Əlbəttə, mənim də müəyyən qədər payım var və buna sevinirəm. Futbolda uğur qazanmaq yalnız komanda işiylə mümkün olur. Bir daha "Araz-Naxçıvan"ı təbrik edirəm. Çox yaxşı futbol oynadılar. İnanıram ki, qarşıdakı matçlarda da uğur qazanacaqlar. Bu kollektivin ən yaxşı tərəfi rəqibdən çəkinməməsidi. Ümid edirəm ki, "Omoniya"dan da çəkinməyəcəklər. "Araz-Naxçıvan"ın meydana qələbə qazanmaq üçün çıxacağına əminəm".
KƏNAN BAHADIR
Seçilən
5
1
football-plus.az

2Mənbələr