Ajans.az BBC-ə istinadən xəbər verir ki,Wright dostlarını sübutları "yandırmağa" çağırıb və xəstəxanada müalicə alan şahidə təzyiq göstərməyə cəhd edib. Məşhur "Outback Wrangler" və "Wild Croc Territory" realiti-şouları ilə tanınan Wright, ədalətin gedişatına mane olmaqda üç maddə üzrə ittiham olunur. Prokurorlar bildirir ki, Wright qəzaya görə məsuliyyət daşımır, lakin o, hadisədən sonra istintaqa müdaxilə edib və sübutların saxtalaşdırılmasına cəhd göstərib. Qəza zamanı Wright-ın həmkarı və şouda baş rol ifaçısı Kris “Willow” Wilson helikopterdən sapandla asılmış vəziyyətdə yerə çırpılaraq həlak olub. Pilot Sebastian Robinson isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Wright qəza zamanı helikopterdə olmasa da, hadisə yerinə ilk çatan şəxslərdən biri olub. Prokuror Jason Gullaci SC bildirib ki, Wright qəza yerində vertolyotun idarəetmə paneli ilə "oynayaraq" onun texniki göstəricilərini dəyişməyə çalışıb və yanacaq səviyyəsi barədə yalan məlumat verib. İddialara görə, Wright helikopterin uçuş saatlarını gizlətməyə və ya digər hava gəmisinə köçürməyə çalışıb. Prokurorların təqdim etdiyi səs yazılarında onun bu barədə dediyi sözlər qeyd olunub:
“Sadəcə onu yandırın... Mən onu CASA (Avstraliya Mülki Aviasiya Təhlükəsizliyi İdarəsi) və ya ATSB-yə (Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu) göndərməliyəm.” Prokurorlar həmçinin iddia edirlər ki, Wright Brisbane xəstəxanasında yerləşdirilmiş pilot Sebastian Robinson-u ziyarət edərək ondan uçuş saatlarını dəyişdirməsini istəyib. Wright bütün ittihamları rədd edir və özünü təqsirli bilmir. Müdafiə vəkili David Edwardson SC bildirib ki, uçuş saatlarının qeydə alınması ilə bağlı bəzi qeyri-dəqiqliklər NT bölgəsində yayğın təcrübədir və Wright bunu qanunsuz ört-basdır etməyə çalışmayıb. O əlavə edib ki, təqdim olunan bəzi sübutlar “son dərəcə zəif” və etibarsızdır. Müdafiə tərəfi həmçinin Wright ilə pilot arasında baş tutmuş söhbətlərin təfsilatlarını da şübhə altına alaraq pilotun və ailəsinin etibarlılığını “ciddi şəkildə” müzakirə etməyə hazırlaşır. Onun məhkəməsinin beş həftəyə qədər davam edəcəyi gözlənilir.