AZ

Universal dəyər milli libasda

Sürətlə dəyişən dünyada mənəvi immunitetin qorunması vacibdir

Leksik mənası çoxmədəniyyətlilik olan multikulturalizm anlayışı bir istilah kimi öz məzmunundan, mahiyyətindən xeyli gəncdir. Bu anlayış məzmunca tolerantlıq məfhumuna yaxın, onunla ayrılmaz şəkildə bağlıdır. Multikultural cəmiyyət müxtəlif etnik, irqi, dini və mədəni qrupların dinc yanaşı yaşadığı, dillərin, inancların, adətlərin, dəyərlərin qovuşduğu toplumdur. Dini, milli, siyasi və sosial-mədəni dözümlülüyün ortaq adı olan tolerantlıq multikultural siyasətin bünövrəsidir.

“Multikulturalizm” termini elmi ədəbiyyatda ötən əsrin altmışıncı illərindən işlədilməyə başlanıb. Çoxmədəniyyətlilik cəmiyyətdə yekcin?liyin, monotonlaşmanın qarşısını almaqla mədəni müxtəlifliyin qorunmasında, eyni zamanda fərqliliklər arasından sərhədlərin götürülüb ümumi inkişafa nail olunmasında güclü siyasi vasitə kimi çıxış edir.

Multikultural cəmiyyət bir insanın başqa birinin danışdığı dildən qıcıqlanmadığı, bir dinə mənsub adamın başqa inanca mənsub olandan fərqli xüsusiyyətlərini qabartmadığı, bir kəsin başqa birisinin həyat tərzinə, geyiminə, adət-ənənəsinə kəc baxmadığı bir cəmiyyətdir. Başqa sözlə, multikulturalizm - cəmiyyətin həyat tərzidir, fərqli mədəniyyətlərin, dillərin, həyat tərzlərinin süni şəkildə bir yerə cəmlənməsi deyil. Multikultural inkişaf çoxmədəniyyətli sosial orqanizmin bətnindən doğulan, onun bağrından qopan, dağıdıcı ünsürlərin, yoluxucu virusların zərərli təsirlərinə müqavimət göstərən davamlı prosesdir.

Ötən əsrin sonlarından dünyada yeni tendensiyaların baş qaldırması yeni qlobal anlayış və terminləri də ictimai-siyasi, sosial-iqtisadi, elmi-fəlsəfi kontekstdə aktuallaşdırdı. İyirmi birinci əsrin geridə qoymaqda olduğumuz birinci rübünə dönüb nəzər salanda sivilizasiya tarixinin qlobal dəyişikliklər ərəfəsində olduğu aydın görünür. Təəssüf ki, dəyişikliklər, tarixən bütün keçid mərhələlərində olduğu kimi, müsbət tendensiyalara meydan verməklə yanaşı, ara-sıra neqativ hallara da şərait yaradır. Qloballaşma bəzən müxtəliflikləri qara dəlik kimi udub yoxa çıxarır. Ancaq multikulturalizm, tolerantlıq, ümumən qloballaşma, bir sıra ideoloqların dediyi kimi, heç də hansısa mədəniyyətin xaosda əriyib itməsi, daha böyük mədəniyyətlərin içində yox olması prosesi kimi xarakterizə edilməməlidir. Multikulturalizm mədəniyyətlərin toqquşub qəzaya uğraması deyil, Nazim Hikmətin təbiriylə desək, bir ormanın fərqli ağacları kimi baş-başa verib qardaşcasına yaşamasıdır.

Məhz universal dəyərlərin, qlobal çağırışların aktuallığını, üstəlik də Azərbaycanda müxtəlif etnik, dini qrupların dinc yanaşı yaşamasının çoxəsrlik ənənəsini rəhbər tutan Azərbaycan Prezidenti 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında tarixi ?ərman imzaladı. Fərmanın preambulasında deyilirdi: “Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir”.

Amma çağdaş dünyada multikulturalizm ideologiyasının heç də tam dəstəklənmədiyini, hətta bir sıra aparıcı Qərb ölkələrində çoxmədəniyyətliliyin iflasından danışıldığını, multikulturalizmə müharibə elan olunduğunu da ara-sıra görürük. Bu məqamda Azərbaycan Prezidenti

İlham Əliyevin Respublika Nazirlər Kabinetinin 2016-cı ilin 10 yanvarında keçirilmiş iclasındakı nitqindən bir abzası xatırlatmağın yeridir: “Bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.

Bildiyimiz kimi, Prezident həmin iclasdan dərhal sonra - yanvarın 11-də 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması haqqında ?ərəncam imzaladı. Sərəncamda vurğulanırdı ki, sivilizasiyaların qovuşduğu Azərbaycan istər xalq, istərsə də dövlət səviyyəsində tolerantlıq prinsiplərinə daim sədaqət nümayiş etdirib və ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Martın 11-də imzaladığı digər bir ?ərəncamla isə Azərbaycan Prezidenti 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planını təsdiqlədi. Bundan sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın rəhbərliyi və təşkilatçılığı ilə qarşıya qoyulmuş vəzifələrin icrasına başlandı. Planda “Multikulturalizm” jurnalının mütəmadi qaydada nəşri də nəzərdə tutulmuşdu. Jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək idi.

Azərbaycan coğrafi baxımdan həm qitələrin, həm də mədəniyyətlərin qovuşduğu məkanda yerləşir. Belə bir nadir coğrafi mövqedə, mədəniyyətlər qovuşağında yerləşməsi ölkəmizdə tarixən formalaşmış tolerantlıq ənənəsini şərtləndirən əsas faktorlardan biridir. Üstəlik, Azərbaycanın yerləşdiyi Qafqaz regionu da etnik baxımdan dünyanın ən zəngin bölgələrindəndir. Burada bəzən bir-birinə qonşu kəndlərdə yaşayan etnik qruplar fərqli dillərdə danışır. Regiondakı bu təbii müxtəliflik də ölkəmizdəki multikultural zənginliyin formalaşmasında mühüm rol oynayıb. Coğrafiyanın tale olduğunu deyirdilər, bizdə isə coğrafi unikallıq nadir mədəni-mənəvi dəyərə çevrilib.

Ümummilli Lider Heydər Əliyevin bəyan etdiyi Azərbaycançılıq ideologiyasını daha da ucalara qaldıran Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan Respublikası bu gün bir çox sahələr üzrə göstəricilərlə yanaşı, milli-mənəvi dəyərlərimizin yaşadılması, ölkəmizdəki etnik, dini müxtəlifliyin qorunması, sağlam ideoloji təməllərin bərpası, multikultural mühitin saflaşması kimi məsələlərdə də regionun lider dövlətinə çevrilib. Sürətlə dəyişən dünyada universal dəyərlər, mənəvi immunitet qorunub saxlanmasa, cəmiyyətin dinc həyatına, dövlətin inkişafına təhlükə törədən, ictimai-siyasi sabitliyi zədələməyə çalışan qüvvələrin ortaya çıxması üçün münbit şərait yaranar. Belə ideoloji boşluqların yaranmasına yol vermək olmaz.

Toğrul

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Seçilən
88
1
yeniazerbaycan.com

2Mənbələr