Müasir dövrdə uğurlu və davamlı fəaliyyət göstərmək istəyən təşkilatlar üçün üç əsas məsələ getdikcə daha vacib hala gəlir: effektiv idarəetmə, risklərin vaxtında müəyyənləşdirilməsi və hüquqi tələblərə davamlı uyğunluq. Bu funksiyaları vahid sistem çərçivəsində birləşdirən İdarəetmə, Risk və Komplayens (İRK) və ya beynəlxalq termini ilə GRC (Governance, Risk, and Compliance) çərçivəsi artıq dünyanın bir çox ölkəsində geniş tətbiq olunur.
İRK yanaşması təşkilatlarda təkcə nəzarət və hesabatlılığı artırmaqla kifayətlənmir, o eyni zamanda strateji idarəetmənin daha dəqiq və təhlükəsiz qurulmasına şərait yaradır. Risklər sadəcə qeydə alınmır, vaxtında qiymətləndirilir, təsirləri təhlil olunur və qabaqlayıcı tədbirlərlə minimuma endirilir. Bu da idarəetmənin reaktiv deyil, proaktiv olmasına kömək edir. Həmçinin İRK çərçivələri təşkilatın hüquqi və etik normalara ardıcıl riayət etməsini təmin edir. Bu, şirkəti cərimələrdən və nüfuz itkisi riskindən qoruyur, eyni zamanda bölmələrarası əməkdaşlığı gücləndirərək qərarların daha koordinasiyalı və əsaslandırılmış şəkildə qəbul olunmasına şərait yaradır. Ümumilikdə İRK yanaşması təşkilat üçün yalnız nəzarət vasitəsi deyil, davamlı inkişafın və çevik qərarvermənin əsas dayaqlarından biridir.
İRK-in əsas üstünlükləri və avtomatlaşdırmanın rolu
İRK çərçivəsinin ən böyük üstünlüklərindən biri onun avtomatlaşdırılma imkanlarıdır. Avtomatlaşdırılmış İRK həlləri şirkətlərə mürəkkəb idarəetmə proseslərini asanlaşdırmağa, riskləri real vaxtda aşkar etməyə, hüquqi və daxili uyğunluq standartlarına davamlı riayət etməyə, həmçinin qərar qəbulunu məlumatlı və əsaslandırılmış şəkildə həyata keçirməyə imkan verir. Nəticədə bu yanaşma biznes risklərinin azaldılması, şirkətin nüfuzunun qorunması və hüquqi sanksiyalardan uzaq durulması kimi mühüm faydalar gətirir.
İRK sistemləri təşkilatlarda risklərin idarə olunmasını daha proaktiv edir. Yəni, risklər yalnız aşkar olunmur, eyni zamanda qabaqlayıcı tədbirlər görülərək, potensial problemlərin qarşısı alınır. Həmçinin İRK sayəsində hüquqi uyğunluq təmin olunur, nəticədə şirkət cərimələrdən, məhkəmə çəkişmələrindən və bazar nüfuzunun itkisindən qorunur. Bu, xüsusilə maliyyə, energetika, səhiyyə və digər kritik sahələrdə fəaliyyət göstərən müəssisələr üçün həyati əhəmiyyət kəsb edir.
Qlobal trendlər və rəqabət üstünlükləri
Qlobal rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşmaq üçün, şirkətlər idarəetmə proseslərini avtomatlaşdırmalı, riskləri real vaxt rejimində izləməli və çevik, əsaslandırılmış qərarlar qəbul etməlidirlər. Dünyanın qabaqcıl şirkətləri bu texnologiyaları mənimsəməklə rəqabət üstünlüyü əldə edir, bazar paylarını artırır və dayanıqlı inkişaf yolunu sürətləndirirlər.
Azərbaycanda İRK avtomatlaşdırmasının vəziyyəti
Lakin Azərbaycanda İRK sistemlərinin avtomatlaşdırılması hələ də gecikir. Digər ölkələrlə müqayisədə bu sahədə irəliləyiş zəifdir və çoxsaylı çətinliklərlə üzləşir. Azərbaycanda İRK-in geniş yayılmasının və avtomatlaşdırılmasının qarşısında duran əsas maneələri aşağıdakı kimi sıralamaq olar:
Maarifləndirmənin az olmasıAzərbaycanda İRK-in (İdarəetmə, Risk və Komplayens) əhəmiyyəti barədə bilik və məlumat səviyyəsi hələ də kifayət qədər yüksək deyil. Çox təşkilatlarda İRK yalnız formallıq üçün tələb olunan sənədlər toplusu kimi qəbul edilir və bu sistemlərin real biznes dəyəri tam anlaşılan deyil. İRK sistemləri risklərin vaxtında aşkar edilməsini, hüquqi tələblərə uyğunluğun təmin olunmasını və idarəetmənin səmərəli qurulmasını təmin edir. Lakin şirkət rəhbərləri və əməkdaşlar bu sahədə təlim və maarifləndirici tədbirlərin azlığı səbəbindən İRK-in avtomatlaşdırılmasının gətirdiyi faydaları görmür, ona görə də investisiya qoymaqda tərəddüd edirlər. Bu sahədə təhsil və məlumatlandırma proqramlarının gücləndirilməsi prioritet olmalıdır.
Ənənəvi idarəetmə metodlarından ayrılmaq çətinliyiBir çox yerli təşkilatlar hələ də idarəetmə, risk və uyğunluq məsələlərini əl üsulları ilə, kağız və ya Excel kimi sadə vasitələrlə həyata keçirir. Bu ənənəvi metodlar uzun müddət istifadə edildiyindən, dəyişikliklərə qarşı institusional müqavimət yaranır. İnsanlar yeni texnologiyalara adaptasiya olmaqda çətinlik çəkir və “köhnə üsullar işləyir” kimi düşüncəyə üstünlük verirlər. Bunun nəticəsində, avtomatlaşdırma layihələrinin icrası ləngiyir, risk idarəetməsi isə formal səviyyədə qalır. Yeni sistemlərə keçid üçün işçi heyətin təlimatlandırılması və dəyişikliyə açıq mədəniyyətin yaradılması vacibdir.
Hüquqi və tənzimləyici dəstəyin zəifliyiAzərbaycanda İRK sistemlərinin tətbiqini təşviq edən qanunvericilik bazası və tənzimləyici mexanizmlər hələ tam inkişaf etməyib. Dünyanın bəzi inkişaf etmiş ölkələrində İRK-in tətbiqi məcburi olmasa da, orada bu sistemi istifadə etməyə təşviq edirlər. Dövlət və sənaye təşkilatları İRK-in əhəmiyyətini vurğulayır, şirkətlərə bu sahədə dəstək olurlar. Bu isə İRK sahəsində çalışan mütəxəssislərə olan tələbatı artırır və sahənin inkişafına kömək edir.
Maliyyə məsələləriİRK sistemlərinin avtomatlaşdırılması müəyyən maliyyə vəsaiti tələb edir və bu, xüsusilə kiçik və orta müəssisələr üçün planlaşdırılması vacib bir məsələdir. İnvestisiyanın geri dönüşü qısa müddətdə tam görünməyə bilər, bu da bəzi şirkətlərin ehtiyatlı davranmasına səbəb olur. Lakin uzunmüddətli dövrdə bu cür sistemlər prosesləri sadələşdirir, riskləri azaldır və qərarverməni dəstəkləyərək ümumi xərclərə qənaət etməyə imkan yaradır.
Peşəkar kadr və yerli proqram təminatçılarının azlığıAzərbaycanda İRK sahəsində təcrübəli mütəxəssislərin və bu sahəyə uyğun proqram təminatı təqdim edən yerli şirkətlərin sayı azdır. Peşəkar kadrların hazırlanması və yerli həllərin inkişaf etdirilməsi üçün ixtisaslaşmış təlimlərə, proqramlara və təşviq mexanizmlərinə ehtiyac var. Xarici proqram təminatçılarına bağlılıq isə əlavə xərclər və layihələrin ləngiməsi ilə nəticələnir. Yerli bazarın inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması və innovativ həllərin tətbiqi İRK avtomatlaşdırmasının genişlənməsi üçün vacibdir.
Fuad Kələşli CFE, ORM