Üzeyir Şəfiyev: "Putin "Avropanın xəstə adamıdır" və Rusiyanı faşizm bataqlığına sürükləyir"
Bu ayın əvvəlində Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya əsasən, ölkə prezidenti Vladimir Putinə sakinlərin 78,4%-i etimad göstərir. Onun fəaliyyəti respondentlərin 74,7%-i tərəfindən bəyənilib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə müqayisədə 0,3% artım deməkdir. Keçən ay isə Rusiya liderinə etimad səviyyəsi 77,6% olmuşdu. Yəni yalnız artım müşahidə olunur.
Putinə 78%-lik rəğbəti, yaxud heyranlığı necə qiymətləndirək? Rus xalqı Ukraynaya qarşı təcavüzkar müharibənin davamını istəyirmi? Qonşu suveren ölkələrə qarşı Kremlin şantaj və hədə siyasətinin bitməməsini arzu edirmi? “SSRİ-2" planını gizlətməyən, "Harada rus var, Rusiyanın sərhədi oradan keçir", “Bizim bir müttəfiqimiz var, o da ordumuzdur” söyləyən bir şəxsə yüksək ictimai dəstəyin hədəfi nədir? Dominos pizza
Bu, əslində həm də Azərbaycanla düşmənçiliyə davam deməkdir? Bəs avtoritar ölkədə belə sorğular nə dərəcədə səhih sayıla bilər?
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, hər şeydən əvvəl sorğunu keçirən təşkilatın kimə məxsus olması mühüm əhəmiyyət daşıyır: “Yəni bu qurum Rusiyanın təsir dairəsində olan bir sorğu mərkəzidirmi, yoxsa neytral mövqedə dayanır? Əslində Rusiyada neytral və tam müstəqil sorğu təşkilatından danışmaq, demək olar ki, mümkünsüzdür”.
Üzeyir Şəfiyev hesab edir ki, belə mühitdə aparılan sorğuların nəticələrinə inanmaq çətindir: “Əgər sorğu Rusiyada aparılıbsa, onun etibarlılıq dərəcəsi çox aşağıdır. Hazırkı avtoritar, totalitar rejim şəraitində, tənqiddən kənar fəaliyyət göstərən müstəqil sorğu mərkəzlərinin mövcudluğu real deyil. Son illərdə Putinin həm müxalifətə, həm də müstəqil düşüncəyə qarşı "bizimlə olmayan, düşməndir" prizmasından yanaşdığı açıq görünür. Fərqli düşünənlər dövlət səviyyəsində təzyiqə, bəzən də terrora məruz qalır. Bu da cəmiyyətdə böyük qorxu və təşviş yaradır. Belə mühitdə respondentlərin təsirdən kənar, azad rəy bildirməsi qeyri-mümkündür.
Vətəndaş yaxşı bilir ki, Rusiyada Putinin müharibə siyasətinə qarşı çıxmaq hətta ölümlə nəticələnə bilər. Kifayət qədər tanınmış imza sahibləri, sənət adamları var ki, etiraz etdiklərinə görə təzyiqə məruz qalıb, ölkəni tərk etməyə məcbur olublar. Bütün bunları isə Rusiya cəmiyyəti görür. Ona görə də keçirilən həmin sorğunun nəticələrini ciddi şəkildə şübhə altına alıram. İkincisi, əgər bu gün respondentlər “bizim bir müttəfiqimiz var, o da ordumuzdur” deyirlərsə, bu, Rusiyanın beynəlxalq təcrid vəziyyətində olduğunu göstərir. Bu, həm də onu sübut edir ki, Rusiya etibarlı tərəfdaş deyil - nə başqa dövlətlərə qarşı, nə də öz müttəfiqləri üçün. Çünki bir sıra mürəkkəb və gərgin situasiyalarda Moskvanın tərəfdaşlarını yardımsız vəziyyətdə buraxdığı məlumdur. İran və digər dövlətlərə münasibətdə də bunu aydın görmək olar.
Bundan başqa, sorğuda saxtakarlıq ehtimalı da var. Eyni zamanda Putin müharibədən həm daxili sabitliyi qorumaq, həm də hakimiyyətini uzatmaq üçün istifadə edir. İnsanları psixoloji olaraq təsir altına alaraq hamını “böyük Rusiya” ideyasına inandırır. Hətta orta statistik vətəndaş belə bu təbliğata uymuş, “ümumi düşmənə qarşı mübarizə” atmosferinə qoşulmuş vəziyyətdədir. Biz görürük ki, fərqli düşünən insanlar belə Rusiya-Ukrayna müharibəsində eyni soydan olan ukraynalılara qarşı aqressiv, həqarətli ifadələr işlədiblər. Bu, təkcə ukraynalılara deyil, ümumən qeyri-ruslara qarşı da toksik, düşmənçi bir mühitin formalaşdığını göstərir.
Bu, əslində faşizm və nasizmin təzahürüdür. Putin Rusiyada belə bir toksik mühiti yaratmağı bacarıb. Ona görə də bu gün orta statistik rusiyalının bu düşüncədə olması təəccüb doğurmamalıdır. Beləliklə, Rusiya bu gün Avropanın “xəstə adamı”na çevrilib.
Putinin çıxışlarında da görürük ki, o, Rusiyanı 60 illik müharibəyə səsləyir və bu müddətə hazır olmağa çağırır. Bu isə o deməkdir ki, Rusiya Ukrayna bataqlığından salamat çıxarsa, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri, eləcə də Baltikyanı dövlətlər üçün ciddi təhdidə çevriləcək. Ona görə də ABŞ strateqləri və Avropa siyasətçiləri bunun fərqində olmalı, anlamalıdırlar ki, Rusiya Ukrayna müharibəsindən qələbə ilə çıxsa belə, bu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün də təhlükədir. Beləliklə, dünya Putinizm, faşizm və nasizmin yeni dalğası ilə üz-üzə qala bilər".
Telegram kanalımız