Rusiyada əhalisi azalan 129 kiçik şəhər məhv olmaq təhlükəsi qarşısındadır. Rusiya Dövlət İqtisadiyyatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) hökumət üçün hazırladığı araşdırmaya görə, bu yaşayış məntəqələri son 10 ildə 314,5 min insan itirib.
Hafta.az-ın yazdığına görə, təxminən 3,4 milyon əhalisi olan bu şəhərlər arasında şimaldakı kömür, metallurgiya və meşə təsərrüfatına əsaslanan, eləcə də mərkəzi rayonlardan uzaqda yerləşən yaşayış məntəqələri xüsusilə həssasdır. Böhran yaşayan şəhərlərin əksəriyyəti Bryansk, Novqorod, Kirov vilayətlərində, eləcə də Krasnoyarsk diyarında yerləşir.
Əhalisi ən sürətlə azalan şəhərlər arasında Sverdlovsk vilayətinin Verxniy Tagil, Bryanskın Trubçevsk, Komi vilayətinin İnta, Kareliyanın Kem və Medvejyeqorsk, Tver vilayətinin Torjok şəhərləri var. Bundan əlavə, Moskva ətrafındakı Rojal, Saxalindəki Oxa və Pskovdakı Porxov kimi daha inkişaf etmiş bölgələrdəki ucqar şəhərlər də risk altındadır. Sənayenin çökməsi, gənclərin miqrasiyası, qeyri-adekvat infrastruktur və investisiya çatışmazlığı əsas səbəblər kimi göstərilir.
Dövlət Dumasının deputatı Aleksandr Yakubovski vəziyyəti dəyərləndirərək bildirib ki, xüsusilə şimal bölgələrində əhalinin sayı sürətlə azalır və infrastrukturun olmaması gənclərin bu ərazilərə qayıtmasını çətinləşdirir. Komitə sədrinin müavini Vladimir Koşelev “Həyat keyfiyyəti yaxşılaşdırılmasa, bu şəhərləri qorumaq mümkün deyil” deyərək Yakubovskini dəstəkləyib. Mülki infrastrukturun çökməsi, ictimai nəqliyyatın, səhiyyənin və rabitənin olmaması da bu şəhərlərin cəlbediciliyini azaldır.
Sokolovo İdarəetmə Məktəbindən İrina Mironova bildiribi ki, bütün kiçik şəhərləri xilas etmək qeyri-realdır: “Bəzi yaşayış məntəqələrinin dəstəklənməsi strateji deyil”.
Kiçik və orta şəhərləri dəstəkləmək üçün 2025-ci il üçün 4 milyard rubl büdcə ayrılıb. 106 yaşayış məntəqəsi üçün infrastruktur yönümlü investisiya planları hazırlanır. Mütəxəssislər həmçinin mümkün həll yolları kimi şəhərətrafı inkişafa və şəhər miqrasiyasının təşviqinə işarə edirlər. Hazırda Rusiyada 1120 şəhər var ki, onların da 70 faizdən çoxu kiçik və orta ölçülüdür.