Qaqauziya muxtar bölgəsinin başqanı Yevgeniya Qutsulun həbsi regionda siyasi təlatümə səbəb olub. Məhkəmə 36 yaşlı siyasətçini müxalif “Şor” partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm dərhal icra olunub, Qutsul məhkəmə zalından birbaşa həbsxanaya aparılıb.
Bu qərar sadəcə bir fiqurun həbsi deyil, Moldova-Rusiya qarşıdurmasının kəskinləşməsinin, Qaqauziyada gərginliyin artmasının və böyük güclərin açıq qarşıdurmasının göstəricisidir. Hökm elan edilən gün Kişinyov küçələrində yüzlərlə qaqauz etiraz aksiyası keçirib. Onlar bu qərarı “siyasi sifariş” adlandıraraq hökuməti repressiyalarda ittiham ediblər. Polis isə aksiyanı dağıtmaq üçün güc tətbiq edib.
Qaqauziyada da vəziyyət gərgindir. Sakinlər başqanlarının həbsini “muxtariyyətə təcavüz” kimi görürlər. Əksəriyyətin gözü Kremlin və Ankaranın addımındadır. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kişinyovun addımını kəskin pisləyib: “Bu, siyasi motivli qərardır. Seçki kampaniyası zamanı siyasi opponentlərə açıq və faktiki olaraq qeyri-qanuni təzyiq göstərmək cəhdidir. Moldovada müxalifət sıxışdırılır, insanlar istədiklərinə səs vermək imkanından məhrum edilirlər. Demokratiya normaları tapdalanır”
Bəs Moskva neçə aydan bəri istintaq altında olan Qutsulu niyə xilas edə bilmədi? Eyni sual Ankaraya da yönəlib. Qutsul yalnız Putinə yox, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət etmişdi.
Moldova türkləri olan xristian qaqauzlar Ankaradan ənənəvi himayə gözləyirlər. Lakin Türkiyə də hələ ki səssizdir.
Referans xəbər verir ki, Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Qutsulun həbsi sırf cinayət işi yox, Moldova ilə Rusiya arasında açıq siyasi qarşıdurmanın nəticəsidir: “Yevgeniya Qutsulun həbsi Kremlin nüfuzuna vurulan ağır zərbədir. O, sadəcə Qaqauziya başqanı deyil, həm də Rusiyanın Moldovadakı dayaqlarından biri idi. Onun bu qədər asanlıqla həbs olunması göstərir ki, Qərb dəstəkli Maya Sandu hökuməti artıq Kremldən çəkinmir”.
Qabil Hüseynli Qaqauziyada hadisələrin inkişaf ssenariləri haqda da fikirlərini bölüşərək deyib ki, gərginlik dərinləşə, Qaqauziya alovlana bilər: “Qaqauziya cəmiyyətində narazılıq yüksəkdir. Onlar muxtariyyətin başçısının həbsini muxtariyyətə təcavüz kimi görürlər. Bölgədə etirazlar daha da artacaq. Moskva bu aksiyaları dəstəkləyərək Qaqauziyada separatizmi qızışdıra bilər. Bu isə Moldovanın daxili sabitliyinə ciddi zərbədir”.
Politoloq hesab edir ki, Rusiya açıq hərbi addım atmasa da, Moldovaya qarşı təzyiqlərini gücləndirəcək: “Enerji və iqtisadi rıçaqlar işə salına bilər. Bundan başqa, Moskva Qaqauziya kartını Moldovanın Ukraynaya yaxınlaşmasına qarşı "əks çəkic" kimi istifadə edəcək. Dnestryanı bölgə məsələsini də yenidən gündəmə gətirmək ehtimalı var”.
Qabil Hüseynli hesab edir ki, Ankara da vəziyyətə qarışa bilər: “Ərdoğan hazırda gözləmə mövqeyindədir. Amma o, qaqauz türklərinin taleyinə biganə qalmayacaq. Türkiyə Moldovaya qarşı açıq mövqe sərgiləməsə də, diplomatik kanallarla qaqauz icmasına dəstəyini artıracaq. Bu, həm də Rusiyaya və Qərbə mesaj olacaq”.
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul həbs edilib.
Politoloqa görə, Qərb də bu böhrandan istifadə edəcək: “Maya Sandu hökuməti Avropa İttifaqına inteqrasiya kursunu davam etdirəcək. ABŞ və Aİ Moldovanın təhlükəsizlik strukturlarına daha çox dəstək verəcək və Kişinyovu Rusiya təzyiqinə qarşı qoruyacaq. Bu, Qaqauziya böhranını beynəlxalq qarşıdurmaya çevirə bilər”.
Qabil Hüseynlinin qənaətinə görə, Qaqauziya artıq sadəcə Moldovanın daxili problemi deyil, Moskva, Ankara və Brüssel üçbucağında oynanan böyük geosiyasi oyundur: “Moskva Qaqauziyanı Moldovanı və Qərbi təzyiq altında saxlamaq üçün rıçaq kimi görür. Qərb isə Sandu hökumətinə tam dəstək verərək Rusiyanın bölgədəki təsirini minimuma endirmək istəyir. Yevgeniya Qutsulun həbsi bu qarşıdurmanın qığılcımıdır. Qarşıda isə çox gərgin günlər olacaq”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta