Sadəcə, əyləncə deyil, mənəvi tərbiyənin açarıdır
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Müasir cəmiyyətin inkişaf dinamikasında uşaqların və gənclərin hərtərəfli formalaşması intellektual, fiziki, mənəvi və estetik tərbiyəsinin təmin olunması prioritet vəzifələrdən biri kimi çıxış edir. Bu kontekstdə məktəbdənkənar fəaliyyətlərin, mədəni-kütləvi tədbirlərin və yaradıcı təşəbbüslərin rolu xüsusilə əhəmiyyətlidir. Dövlətin və yerli idarəetmə orqanlarının bu sahəyə yönəlik təşəbbüsləri cəmiyyətin gələcəyini formalaşdıracaq nəsillərin tərbiyəsində mühüm strateji alət kimi çıxış edir.
Bu mənada, Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində nümayiş olunan “Qırmızıpapaq və Canavar” kukla tamaşası sadəcə əyləncə vasitəsi olmaqdan çox, uşaqların mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşmasına, ailə dəyərlərinin təbliğinə və onların estetik zövqünün inkişafına yönəlmiş mühüm tərbiyəvi tədbir kimi qiymətləndirilə bilər. Nağıl əsasında hazırlanmış bu tamaşa uşaqlara ehtiyatlılıq, xeyirxahlıq, dürüstlük və ailə bağlarının əhəmiyyəti kimi mühüm mövzuları aşılayaraq onların şəxsiyyət kimi inkişafında önəmli rol oynayır. Mədəni tədbirlərin uşaqların fiziki inkişafına dolayı təsiri də nəzərdən qaçmamalıdır. Açıq havada keçirilən bu kimi tədbirlər, xüsusən də isti yay günlərində uşaqların texnologiyadan uzaqlaşıb sosiallaşması, aktiv hərəkətdə olması və sosial mühitdə ünsiyyət qurması baxımından olduqca faydalıdır. Sosiallaşma və emosional ifadə bacarıqları, fiziki iştirak və tamaşada aktiv müşahidə mövqeyi onların koqnitiv və motor bacarıqlarının inkişafına da müsbət təsir göstərir.
Digər tərəfdən, belə tamaşalar uşaqların estetik və yaradıcı dünyagörüşünün formalaşması, teatr və incəsənətə marağın yaranması, bədii təfəkkür və empatiya hissinin inkişafı baxımından mühüm funksiyanı yerinə yetirir. Peşəkar kuklaçılar tərəfindən canlandırılan klassik obrazlar və rəngarəng səhnə tərtibatı uşaqlarda gözəllik duyumunu formalaşdırır, bədii zövqün əsasını qoyur.
Valideynlərin də bu prosesə aktiv şəkildə cəlb olunması ailədaxili münasibətlərin möhkəmlənməsi, nəsillərarası dəyərlərin ötürülməsi və birgə vaxt keçirmə mədəniyyətinin təşviqi baxımından mühüm rol oynayır. Bu, eyni zamanda, uşağın psixoloji rifahını artıran, ona dəstək mühiti yaradan mühüm sosial faktordur.
Klassik nağıl motivləri əsasında qurulan tamaşalar sadəcə bir teatr nümunəsi deyil, uşaq və yeniyetmələrin fiziki sağlamlığı, psixoloji tarazlığı, mənəvi dəyərlərlə zəngin tərbiyəsi və bədii-estetik zövqünün formalaşması baxımından dəyərli bir tərbiyə vasitəsidir. Belə tədbirlərin davamlılığı və çeşidliliyi gələcəyin sağlam, savadlı və məsuliyyətli vətəndaşlarının yetişməsində əsas amillərdən biri kimi çıxış edir.
Xatırladaq ki, ötən gün Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar” kukla tamaşası nümayiş olunub. Tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər. Maraqlı və əyləncəli səhnələr, rəngarəng dekorasiyalar və peşəkar kuklaçılar tamaşaçılara unudulmaz anlar yaşadıb. Tamaşa müxtəlif yaş kateqoriyalarına aid uşaqların, eləcə də valideynlərin böyük marağına səbəb olub. Əsər klassik nağıl motivləri əsasında səhnələşdirilmiş, müasir teatr elementləri və vizual həllərlə zənginləşdirilərək təqdim edilib. Səhnə əsərində Qırmızıpapaq obrazı ilə uşaqlara ehtiyatlılıq, ailə dəyərlərinə sadiqlik və xeyirxahlıq kimi mövzular aşılanıb, canavar obrazı isə təhlükə və diqqətsizliyin mümkün nəticələrini simvolizə edib. Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunub, auditoriya tərəfindən rəğbətlə qarşılanıb. Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir. Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər sakinlər tərəfindən maraqla qarşılanır.
Uşaqların mənəvi inkişafının hər bir cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayan sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında deyib ki, bugünkü informasiya bolluğu və texnologiya çağında uşaqların ruhuna toxunan, onları dəyərlərlə tanış edən, gözəllik duyğularını oyadan tədbirlərə böyük ehtiyac var: “Xətai rayonunda nümayiş etdirilən kukla tamaşası kimi təşəbbüslər məhz bu ehtiyacdan doğan, son dərəcə önəmli sosial hadisələrdir. Burada söhbət təkcə mədəni tədbirdən getmir. Bu cür tamaşalar uşaqlarda mənəviyyatın formalaşması, yaxşı ilə pisi ayırd etmə, doğruluq, mərhəmət və ailəyə bağlılıq kimi dəyərlərin təməlini qoyur. Nağıl və kukla vasitəsilə verilən mesajlar uşağın zehnində daha dərin iz buraxır, çünki bu, həm oyundur, həm də öyrədici həyat dərsidir. Ailə üzvlərinin uşaqlarla birlikdə belə tədbirlərdə iştirakı isə xüsusi əhəmiyyət kəsb edir. Bu, ailə institutunu möhkəmləndirir, valideyn-uşaq münasibətlərində yeni emosional bağlar yaradır və ailənin birlikdə mənəvi dəyərləri yaşamasını təmin edir.
Eyni zamanda bu cür tədbirlər cəmiyyətin özü üçün də önəmlidir. Çünki bu təşəbbüslər insanyönümlü cəmiyyətin formalaşmasına xidmət edir. Yəni iqtisadi göstəricilərdən öncə, insanın mənəvi inkişafını, onun ailədə, cəmiyyətdə dəyərlərlə yaşamasını ön plana çıxaran bir modelin tərkib hissəsidir.
Uzunmüddətli baxdıqda, belə təşəbbüslər daha vətənpərvər, daha mərhəmətli və sosial məsuliyyətli bir nəslin yetişməsinə zəmin yaradır. Buna görə də bu tip tədbirlərin davamlı və sistemli şəkildə həyata keçirilməsi cəmiyyətin ümumi inkişaf strategiyasının bir hissəsi olmalıdır".