AZ

Fırçanın möcüzəsi

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, "İstiqlal" və "Şərəf" ordenli Xalq rəssamı Toğrul Nərimanbəyov hələ sağlığında böyük  şöhrət qazanıb, qədirbilən xalqımız və dövlətimiz tərəfindən həmişə hörmətlə qarşılanıb və yad edilib.  

Bu gün 95 yaşı tamam olan rəssam hələ sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan biri olub. Doğma diyarımızı, milli xüsusiyyətlərimizi, etnoqrafiyamızı sözlə yaradan dahi yazıçımız Cəlil Məmmədquluzadə kimi, Toğrul Nərimanbəyov da bunu rənglərlə tərənnüm edib, özümüzə və başqalarına  tanıda bilib.

İstedadlı rəssam, görkəmli incəsənət xadimi T.Nərimanbəyov 1930-cu ildə anadan olub. Əslən Şuşalı idi. 1950-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən əsərləri ilə yerli və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunan sənətkar 1964-cü ildə Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. T.Nərimanbəyov 1974-cü ildə Azərbaycan SSR-nin, 1980-ci ildə isə SSRİ-nin Dövlət mükafatlarına layiq görülüb. 1989-cu ildə SSRİ Xalq rəssamı adını alan T.Nərimanbəyov bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Dəfələrlə respublikamızda  və xarici ölkələrdə fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında rəssamın əsərləri saxlanılır.

T.Nərimanbəyov hələ Vilnüsdə təhsil aldığı illərdən özünü istedadlı rəssam kimi göstərməyə başlayıb. İxtisasca monumentalçı rəssam olması ona həm asanlıqla novatorluq meyillərini büruzə verməyə şərait yaradıb, həm də mövzuların bədii həllinə  başqa prizmadan yanaşma üsulları formalaşdırıb. Rəssam müəllimi, məşhur litvalı rəssam Xouzas Mikenası həmişə hörmətlə xatırlayardı. Eyni zamanda rəssam  incəsənətin digər bir sahəsi olan musiqi ilə də ciddi surətdə maraqlanıb. Müsahibələrinin birində deyirdi: "Özümü dərk edəndən musiqi ilə maraqlanıram. Mən oxumağı çox xoşlayıram. Bəzən hətta oxuya-oxuya işləyirəm. Mənə belə gəlir ki,  rəssam kimi yetişə bilməsəydim, vokalçı olardım...". Bu gün cəsarətlə demək olar ki, rəssam hələ yaradıcılığının  erkən dövrlərindən başlayaraq tapdalanmış cığırla getməyib, yenicə yaratmağa başladığı "Toğrul Nərimanbəyov yolu" ilə irəliləməyə başlayıb.  Təbii ki, bu "yol"la irəliləmək rəssam üçün heç də asan olmayıb. Lakin  tutduğu mövqedən çəkinməyən  rəssam sonda öz "yol"unu və dəst-xətini yarada bilib.

Toğrul Nərimanbəyovun yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının başlıca xüsusiyyətləri kimi obrazların monumentallığını, kompozisiyanın dolğunluğunu, obrazlar bolluğunu, bədii şərti dekorativliyi, zəngin koloriti, personajların ustalıqla bilərəkdən qeyri-mütənasib işlənməsini, perspektivin həllində isə predmetlərə  çoxbucaqlı baxış istiqamətinin seçilməsini göstərmək olar. T.Nərimanbəyov yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş kanonların və məlum bədii çərçivələrin ustalıqla əksinə gedərək, sonda peşəkarlar tərəfindən rəğbətlə qarşılanan sənət əsərləri yaratmaq qabiliyyətini təsdiqləmiş nadir sənətkarlardan idi.

T.Nərimanbəyov yaradıcılığının ilk dövrünə aid əsərlərdən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" və başqalarını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən  də göründüyü kimi, o, daim axtarışda olmuşdur. Rəssam ona yaradıcılıq  sevincinə bələnmiş uğur gətirəcək işıqlı arzularının zirvəsini tezliklə fəth etmək naminə sanki həmişə mübarizə aparmışdır.

Bu istək sonradan da rəssamı bütün həyatı boyu müşahidə etmişdir. "Şair Fikrət Qoca", "Rəssamın ailəsi", "Yazıçı Anar", "Səttar Bəhlulzadə", "Ana" və s. portretlərində rəssam ona yaxın olan "məslək dostları"nın, "silahdaş"larının canlı obrazlarını yaradıb. S.Bəhlulzadə ilə çox yaxın dost olan T.Nərimanbəyov onun bir neçə yaddaqalan obrazını yaratmağa nail olub. Doğrudan da, S.Bəhlulzadə dünyasını onun qədər yaxından duya və tanıya biləcək sənətkar tapmaq çətindir. Bu, bəlkə də ilahinin lütfü idi ki, S.Bəhlulzadə ömrünün və sənətinin sirlərini daşıya biləcək gənc rəssamı S.Bəhlulzadəyə tuş gətirmişdi. Ona həsr olunmuş əsərlərinin birində - kompozisiyanın mərkəzində çılğınlığı duyulan, çərçivələrə sığışmayan, barmağından əskik olmayan papirosunun tüstüsü ərşə qalxan, dərin fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa yaradacağı yeni əsəri barədə düşünür. Əsərin obraza canlılıq bəxş edən kolorit həlli də son dərəcə ustalıqla işlənilib. Son nəticədə o dostunun süni zahiri keyfiyyətlərdən, aldadıcı poza təəssüratından uzaq, rəssamın daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açan diqqətçəkici obraz yaradıb. Bundan başqa,  özündə yaradıcı adamlara xoş keyfiyyətləri yaşadan "Şair Rəsul Rza", "Gənc rəssam Səhhət Veysov" və "Maqsud İbrahimbəyov" portretlərində də T.Nərimanbəyov bədii təxəyyülünün xüsusiyyətləri qabarıqdır.

T.Nərimanbəyov çoxsaylı mənzərələrində Bakını, doğma Vətənimizin gözəl guşələrini tərənnüm edir. "Doğma şəhər", "Bakı", "Qədim Naxçıvanın panoramı", "Göyçay bağlarında", "Dağların mahnısı" və s. mənzərələrində təbiətimizin zəngin gözəlliklərinin, bərəkətli torpağımızın yetirdiyi bol nemətlərin insanda yaratdığı sehrkar assosiasiyanın təsiri altına düşməmək mümkünsüzdür. "Qədim Naxçıvanın panoramı" adlı əsər adama doğma Naxçıvanımızın qədim tarixi və əski mənzərəsi haqda çox şey deyir. 

Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərinin  hər biri haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S.Bəhlulzadənin "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..." fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir.

T.Nərimanbəyovun yaradıcılığının səciyyəvi  xüsusiyyətlərini özündə əks etdirən natürmortlar da bu janrın onun yaradıcılığında yeni bir zirvəyə yüksəldiyindən xəbər verir. Onun bu cür əsərlərinə "Natürmort. Narlar", "Narlar", "Natürmort. Nar ağacı" və başqalarını göstərmək olar.

T.Nərimanbəyov Azərbaycan  Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla misilsiz sənət inciləri ilə bəzəmişdir.

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi ki, "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa edərkən gözlərimdən yaş axır". "Muğam", "Musiqiçilər" adlı əsərlərini hələ muğam sənətimizin zəif təbliğ edildiyi vaxtlarda yaratdığını nəzərə alsaq, sənətkarın  muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. 

T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.

1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm konsertində Ümummilli Lider Heydər Əliyevin iştirak etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov ömrünün ən yaddaqalan  məqamlarından idi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin "Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında" imzaladığı sərəncamda rəssamın yaradıcılığına verilən yüksək qiymətin, göstərilən diqqət və qayğının bariz nümunəsidir. T.Nərimanbəyov həmçinin müstəqil Azərbaycanın "İstiqlal" (2000) və "Şərəf" (2010) ordenləri ilə təltif edilib.

Daim yüksək sənət amallarına sadiq, tükənməz yaradıcılıq şövqü ilə bədii əsərlər yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət tarixində və onu tanıyanların xatirəsində həmişə yaşayacaq. 

Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Seçilən
86
azerbaijan-news.az

1Mənbələr