AZ

Bu gün Qarabağ və Şərqi Zəngəzurda 50,5 mindən çox əhali yaşayır 

Qarabağda və Şərqi Zəngəzurda yenidən tikilib qurulan şəhər və kəndlərimiz öz sakinlərini qoynuna alır. Yenidən məskunlaşan yaşayış məntəqələrinin sayı aydan-aya artır. Paralel olaraq yurda dönən insanların da sayı çoxalır.

Bu, əlbəttə, ölkənin sosial-iqtisadi həyatına, o cümlədən urbanizasiya ilə bağlı problemlərin həllinə, şəhər və kənd əhalisinin sayının tarazlaşmasına getdikcə daha çox müsbət təsir göstərəcək. 

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən bu il iyul ayının 1-dək həmin ərazilərdə bərpası həyata keçirilmiş yaşayış məntəqələrinə 15300 nəfərdən ibarət 3839 ailənin qayıdışı təmin olunub. Bu barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına istinadən Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən DSK həmçinin bildirir ki, sözügedən tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı 34034 nəfər olub. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 tələbə də nəzərə alınmaqla işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 50484 nəfər təşkil edib. 

Dövlət Statistika Komitəsinin digər məlumatlarında isə Azərbaycanın bugünkü ümumi demoqrafik mənzərəsi əks olunur. Belə ki, ölkə əhalisinin sayı bu ilin əvvəlindən 14205 nəfər və ya 0,14 faiz artaraq iyun ayının  1-i vəziyyətinə 10 milyon 239 min 94 nəfərə çatıb. 

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.  

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38836 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərində bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb. Bu fakt da ölkədə doğumun səviyyəsinin aşağı düşməsinin davam etdiyini göstərir. 

İlin əvvəlindən dünyaya gələn körpələrdən 1264-ü əkiz, 57-si isə üçəmdir.

Yeni doğulanlardan oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi 46,8 faiz olub. Bu fakt isə ölkəmizdə yenə də dünyaya gələcək uşaqların cins tərkibində bioloji tarazlığın pozulduğunu göstərir. Belə ki, bu sahənin mütəxəssislərinin fikrincə, nisbət 51 faiz (oğlanlar) və 49 faiz (qızlar) olmalıdır.

Statistik rəqəmlər ölkədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölümün səviyyəsinin azalaraq 6-dan 5,9-a düşdüyünü göstərir. Bu, əlbəttə, dövlətin insanların sağlamlığına göstərdiyi böyük qayğı, əhalinin maddi rifah halının getdikcə yaxşılaşması, eləcə də milli-mənəvi dəyərlərə söykənən ailə bağlarımızın, məsələn, yaşlılara diqqət və sevginin nəticəsində mümkün olur. 

Daha xoş bir xəbər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayının 4,1-dən 4,7-yə qədər artması və boşanmaların sayının 2,1-dən 2-yə düşməsidir. Ümumilikdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 19783 nikah və 8678 boşanma halları qeydə alınıb. 

Keçən ilin göstəricilərinə əsaslanaraq deyə bilərik ki, nikaha daxilolma Şərqi Zəngəzur, Dağlıq Şirvan, Qarabağ, Mil-Muğan, Lənkəran-Astara, Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub. 2024-cü ilin göstəricilərinə görə, ölkəmizdə miqrasiyanın saldosu da müsbətdir. Belə ki, ötən il Azərbaycana daimi yaşamaq üçün 3016 nəfər gəlib. Ölkədən 2298 nəfər birdəfəlik başqa yerə köçüb.  

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr