Yeni sənəddə İsrail və El-Salvadorla bağlı bölmələr də qısaldılıb...
ABŞ Dövlət Departamenti 2024-cü ilin yekunlarına dair illik insan haqları hesabatında Rusiya, İsrail və El-Salvador haqqında ritorikanı xeyli yumşaldıb.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb.
Mənbəyə görə, sözügedən ölkələrə həsr olunan bölmələr keçmiş prezident Co Baydenin administrasiyası dövründə hazırlanmış əvvəlki hesabatla müqayisədə nəzərəçarpacaq dərəcədə qısaldılıb. Hesabatdan LGBT üzvlərinə qarşı mümkün diskriminasiya hallarına dair məlumatlar çıxarılıb, hakimiyyətdən sui-istifadə təsvirləri isə daha yüngül formada təqdim olunub. (Qeyd edək ki, LGBT hərəkatı Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan olunub.)
Dövlət Departamentinin nümayəndəsi qəzetə açıqlamasında bildirib ki, hesabatın məqsədi artıq məlumatlardan azad olunaraq onu daha anlaşıqlı və qanunvericilik tələblərinə uyğun hala gətirməkdir.
The Washington Post yazır ki, Donald Tramp administrasiyası bu ilki hesabatın hazırlanmasını xeyli gecikdirib. NPR radiostansiyasının məlumatına əsasən, yeni hakimiyyət sənəddə insan haqları ilə bağlı yanaşmanı dəyişmək və qanunla tələb olunmayan hissələri çıxarmaq barədə göstəriş verib.
Poliqon.info