AZ

Jurnalistikada qabiliyyət imtahanına gərək yox - RƏYLƏR

Professor Qulu Məhərrəmli və Elmin Nuri tərəfdarıdır, Azər Həsrət isə əleyhinədir

Son günlər mütəxəssislərin müzakirə etdiyi əsas mövzulardan biri jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanının keçirilib-keçirilməməsidir. Bəziləri bunu vacib hesab edirlər. Onların fikrincə, əks halda abituriyentin yaradıcılıq qabiliyyətini yoxlamaq olmaz. Bir qisim isə düşünür ki, digər fakültələr kimi jurnalistikaya qəbulda da xüsusi tura ehtiyac yoxdur. Mövqelər də, arqumentlər də müxtəlifdir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor Qulu Məhərrəmli sosial media hesabında qeyd edib ki, jurnalistika sahəsi nə musiqi, nə rəssamlıq, nə də aktyorluq kimi xüsusi istedad və texniki bacarıq tələb edən bir sənət deyil: 

“Yenə də jurnalistikaya qəbul imtahanı ilə bağlı ajiotaj yaşanır. Təkrar söyləməyə ehtiyac var: bəzi qızğın tərəfdarları olmasına baxmayaraq, bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur. Jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət tələb edən sahə deyil. Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir. Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə Sherg.az-a açıqlamasında qabiliyyət imtahanının çox vacib olduğunu deyib. Onun sözlərinə görə, ümumi testdən keçən abituriyentlərin jurnalistikaya yararlı olub-olmamasını aşkarlamağın başqa yolu yoxdur: 

“Elə ola bilər ki, şəxs mediada işləmiş ola, jurnalist işləri ola bilər. O zaman gətirib təqdim edə bilər ki, neçə vaxtdır mediada işləyir. Amma nəzərə almaq lazımdır ki, abituriyentlərin demək olar 100 faizi 17-18 yaşlı gənclərdir. Onlar orta məktəbi oxuduqları dövrdə təbii ki, mediada işləmək imkanları olmur. Ona görə də idddialıların qabiliyyət imtahanı verməsi vacibdir".

A. Həsrət bildirib ki, yazı yazmaq jurnalistikanın ən önəmli tələblərindəndir. Amma nəzərə almaq lazımdır ki, indi yeni informasiya texnologiyaları dövründə yaşayırıq: 

"Burada həm də danışmaq, özünü təqdim etmək bacarığı, ümumiyyətlə, haqqında danışılan mövzunu düzgün şəkildə çatdıra bilmək bacarığı da vacibdir. O baxımdan qabiliyyət imtahanının ikimərhələli olması daha ağlabatan və məntiqlidir. Dövlət qulluğuna qəbulla bağlı imtahan və müəllimlərin sertifikasiyası imtahanlarına baxaq. Əvvəlcə test mərhələsi aparılır, sonra müsahibə mərhələsi keçirilir. Yəni hər istiqamətdə yoxlama aparılır ki, bu şəxs bu ixtisasa nə qədər yararlıdır. O baxımdan mən qabiliyyət imtahanının tərəfdarıyam. Bunun daha da təkmilləşdirilərək doğrudan da jurnalistikaya uyğun insanları aşkara çıxara bilməsi üçün tətbiqinin qalmasının tərəfindəyəm. Ləğv edilməsi bizə heç nə verməyəcək. Ümumi imtahandan keçmiş gənclər bal üstünlüyünə görə bu fakültəyə üz tutacaqlar. Sonra da məlum olacaq ki, onların yazı qabiliyyəti və danışıq qabiliyyəti yetərli deyil”.

Təhsil eksperti Elmin Nuri isə bildirib ki, müasir dövrdə jurnalistika ixtisasında qabiliyyət imtahanının keçirilməsi artıq o qədər də əhəmiyyət kəsb etmir:

 “Çağdaş dünyada informasiya və media sahəsinə yanaşma dəyişib. Artıq jurnalistika sahəsində yaradıcılıq, innovativlik və sözlə işləmək bacarığı ikinci plandadır, bəzən isə ümumiyyətlə, nəzərə alınmır. 21-ci əsr süni intellekt və texnologiyalar dövründə jurnalistikanın əsas prinsipləri operativlik və analitik təhlilə əsaslanmalıdır. Bu baxımdan inşa yazmaq və ya yazılı təqdimat kimi qabiliyyət imtahanlarının keçirilməsi indiki dövrün tələblərinə uyğun gəlmir".

Ekspertin sözlərinə görə, jurnalistikaya daxil olmaq istəyən gənclər üçün əsas meyar -  analitik düşüncə, informasiya ilə işləmək bacarığı və çeviklik olmalıdır. Bu səbəbdən, qabiliyyət imtahanlarının ləğvi real və doğru addım kimi qiymətləndirilə bilər.
Seçilən
4
sherg.az

1Mənbələr