Ev pişiklərinin gözlənilməz təhlükə mənbəyi ola biləcəyi üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə tədqiqat "PLOS Pathogens" jurnalında dərc olunub.
Beynəlxalq alimlər qrupu müəyyən ediblər ki, pişiklərdəki parazit - "Toxoplasma gondii" insan beyninə nüfuz edərək onun fəaliyyətini dəyişə bilir.
Bu parazit pişik nəcisi ilə təmasda asanlıqla ötürülür. Dünya əhalisinin üçdə birinin həmin parazitə yoluxduğu təxmin edilir.
Əksər insanlarda infeksiya əlamətləri olmur, lakin bu, parazitin təhlükəsiz olduğunu göstərmir. Tədqiqatçılar müəyyən ediblər ki, parazit beyin hüceyrələri arasında ötürülən siqnalları pozur. Yoluxmuş neyronlar qonşu hüceyrələrin davranışını dəyişdirə bilən təhrif olunmuş siqnallar göndərirlər.
Tədqiqatın aparıcı müəllifi professor Emma Uilson bildirib: "Cəmi bir neçə neyron yoluxmuş olsa belə, ətrafdakı toxumaları "çaşdıra" bilər".