ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Şəhid övladları üçün təşkil olunan beynəlxalq yay məktəbinin daha bir mərhələsi uğurla başa çatıb.
"YAŞAT" Fondunun təşəbbüsü ilə Londonda keçirilən yay məktəbində 10 şəhid övladı iştirak edib. 14 gün davam edən proqram müddətində şagirdlər gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Onlar təkcə təhsil deyil, həm də mədəniyyət, diplomatiya və tarixlə tanışlıq imkanı qazanıblar.
"YAŞAT" Fondunun əməkdaşı Əhyə Salamova bildirib ki, sözügedən layihə "University College London"un nəzdində təşkil olunub:
"Bura dünyada ən reytinqli 10 universitetdən biri hesab olunur. Layihənin əsas məqsədi şəhid övladlarının dil bilgilərini artırmaq, onları yeni mədəniyyətlərlə tanış etmək, yeni dostluqlar qazanmaqlarına dəstək olmaqdır. Həmçinin 3 illik təcrübə bizə göstərir ki, uşaqlar bu layihəyə qəbul olmaq üçün dərslərinə daha ciddi hazırlaşırlar. Bu isə onlar üçün motivasiyadır".
Qeyd edək ki, layihə çərçivəsində Kembric şəhərinə də ekskursiya təşkil olunub. Şagirdlər Kembric Universitetinin əsas kolleclərindən biri olan Kral Kollecini, Müqəddəs Məryəm Kilsəsini, şəhərin tarixi məkanlarını ziyarət ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub.
Ətraflı Baku TV-nin süjetində:
Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.