BAKI, 6 avqust. TELEQRAF
"Xoş və çox həyəcanlıdır ki, yenidən Bolqarıstana qarşılaşmışam və böyük ənənələri olan komanda ilə qarşılaşacağam".
Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Bolqarıstanda "Levski"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Litvalı mütəxəssis onları Sofiyadakı Georgi Asparuxov stadionunda gözləyən atmosferdən xəbərdar olduqlarını bildirib: "Rəqib yüksəlişdədir, Portuqaliya "Braqa"sı və əvvəlki mərhələdəki oyunlarına baxmışıq. Ötən il "Levski" Bolqarıstan çempionatında ikinci yeri tutub. Lakin bizim də özünəməxsus xüsusiyyətlərimiz var və bu matçı yaxşı başa vurmağa çalışacağıq".
Dambrauskasın sözlərinə görə, hər iki komandanın əvvəlki nəticələri əhəmiyyət kəsb etmir: "Bizim zəif və güclü tərəflərimiz var. Eyni şeylər rəqibə də aiddir. Əminəm ki, onlar da oyunlarımızı analiz ediblər. Bizim üçün Avropadakı qarşılaşmalar vacibdir, çünki özümüzü göstərmək istəyirik. Futbolçularımız uğura acdırlar. Onlar üçün hər bir matç vacibdir".