"Football-plus.az" xəbər verir ki, bu sözləri “Levski”nin (Bolqarıstan) baş məşqçisi Xulio Velaskes Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la oyunöncəsi mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis futbolçularının qarşılaşmaya maksimum motivasiya ilə çıxacaqlarını bildirib:
“Georgi Kostadinov və Kristian Dimitrovun oynayacağı barədə hələ qərar verməmişik. Hələ vaxt var. Qarşıdakı matç bizim üçün çox vacibdi. İsrailin “Hapoel" (Beer-Şeva, İsrail) və Portuqaliyanın “Braqa” komandaları ilə görüşlərdə olduğu kimi, bu dəfə də oyuna ciddi yanaşmalıyıq. Əksi böyük səhv olar. Rəqibə hörmətlə yanaşırıq və onları təhlil etmək üçün kifayət qədər vaxt ayırmışıq”.
Velaskes öz oyunlarına fokuslandıqlarını bildirib:
“Qələbə istəyi ilə meydana çıxacağıq. Özümüzü favorit saysaq, o deməkdi ki, artıq uduzmuşuq. Qalib gələn komandalar iddialı, amma təvazökar olurlar. Kimlər ki, öncədən nəyəsə nail olduqlarını düşünürlərsə, hədəfə çata bilmirlər. "Sabah" ötən mövsümkü heyəti böyük ölçüdə qoruyub-saxlayıb. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Topu çox ələ keçirsələr, bizə problem yarada bilərlər”.
Təcrübəli mütəxəssis “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın vaxtilə Bolqarıstanda işləməsinin onlar üçün heç bir fərq yaratmayacağını da qeyd edib.
Xatırladaq ki, ilk oyun sabah Sofiyada, cavab matçı avqustun 14-də Bakıda keçiriləcək