AZ

Geosiyasi intriqalar neft bazarında bütün planları pozdu - dünyanı dəyişən gün 8 avqust olacaq...


Bu ilin iyul ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir barreli üçün orta qiyməti 60,37 ABŞ dolları təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə illik 18,4% azdır.

Məlumata görə, 2024-cü ilin iyul ayında “Urals” neftinin orta qiyməti 74,01 dollar təşkil edib. İndi bu gedişlə neft bazarında Rusiya üçün daha böyük qiymət şokunun yaşanması gözlənilir. Məsələ burasındadır ki, neft qiymətlərində geosiyasi səbəblər üzündən ciddi dəyişikliklər gözlənilir.

ABŞ prezidenti Donald Tramp deyib ki, neftin qiymətinin daha da düşməsi Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa vadar edə bilər: “Enerjidaşıyıcıların qiymətləri kifayət qədər düşərsə, Putin insanları öldürməyi dayandıracaq. Enerjidaşıyıcılar bir barrel üçün daha 10 dollar ucuzlaşarsa, onun başqa seçimi qalmayacaq, çünki onun iqtisadiyyatı çox pis vəziyyətdədir”. Bu arada Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barrel üçün 68 dollardan aşağı düşüb. Bu, son bir həftədə ən aşağı göstəricidir. Qiymətlərin enməsi OPEC+ üzvlərinin sentyabrda hasilatı artırmaq qərarı ilə də bağlıdır. Onu da xatırladaq ki, Trampın Rusiyadan atəşkəs tələb etdiyi ultimatumunun müddəti avqustun 8-də başa çatır. ABŞ prezidenti əvvəllər xəbərdarlıq etmişdi ki, tələblər yerinə yetirilməsə, Vaşinqton Moskvaya yeni sanksiyalar qoyacaq. “Reuters”in məlumatına görə, Vladimir Putin Trampın tələblərinə birbaşa cavab verməsə də, Vaşinqtonla münasibətlərin pisləşməsi risklərini dərk edir, lakin hərbi məqsədləri prioritet sayır. Kremlə yaxın mənbələrdən birinin sözlərinə görə, Putin ABŞ ilə münasibətlərin korlanmasından narahatdır. O, hələ də Rusiyanın Qərblə ticari-iqtisadi əlaqələrinin bərpasına ümid edir. Lakin cəbhədəki hücumu və Ukraynaya təzyiqi nəzərə alaraq, Kreml düşünür ki, indi müharibəni bitirməyin vaxtı deyil. O da vurğulanır ki, qarşıya qoyulan məqsədlərə nail olmadan münaqişə dayandırılarsa, Rusiya ordusu və ictimaiyyəti başa düşməyəcək. Analitik və “Rusiyanın qayıdışı” kitabının müəllifi Ceyms Rocers hesab edir ki, Putin siyasi irsini Ukraynadakı müharibə ilə əlaqələndirir. Onun sözlərinə görə, Rusiya lideri özünü ölkə maraqlarının müdafiəsi üçün Qərblə qarşıdurma ənənəsinin davamçısı kimi görür. Putin Trampla münasibətlərə böyük önəm versə də, onun prioriteti qələbə olaraq qalır. Kremlə yaxın ikinci mənbə “Reuters” deyib: “O, sadəcə olaraq, Trampın tələbi üzrə müharibəni bitirə bilməz”. Rusiya Ukrayna ilə uzunmüddətli sülh sazişi bağlamağa hazır olduğunu bildirir, lakin tərəflərin mövqelərinin əsaslı şəkildə fərqləndiyini etiraf edir. Ötən həftə Putin danışıqları müsbət adlandırıb. Moskvanın tələbləri arasında Rusiyanın özününkü elan etdiyi dörd vilayətin yerdə qalan hissəsindən Ukrayna ordusunun çıxarılması, Ukraynanın neytral statusu və onun silahlı qüvvələrinin ixtisarı daxildir. Kiyev bu şərtləri qəti şəkildə rədd edir.

Onu da qeyd edək ki, hələ iyulun 14-də Tramp Rusiyaya Ukrayna ilə müharibəni dayandırmaq üçün 50 gün vaxt verib , əks halda 100% ikinci dərəcəli tariflər tətbiq edəcəyini vəd edib. İki həftə sonra, iyulun 28-də Ağ Evin rəhbəri 50 günlük müddəti 10-12 günə qısaldıb və yenidən Rusiya prezidentindən məyus olduğunu bildirib. Yeni müddət avqustun 8-də başa çatır. Trampın dediyi kimi, bu ərəfədə, avqustun 6-da və ya 7-də onun xüsusi nümayəndəsi Stiven Vitkoff yenidən Moskvaya səfər edəcək. Burada razılıq olmasa sanksiyalar işə düşəcək. Bütün bunlar neft bazarına da təsir edir. Bu fonda ötən həftəsonu Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxil olmaqla səkkiz OPEC+ ölkəsi əvvəlki könüllü hasilat məhdudiyyətlərinə əlavə olaraq kvotaları gündəlik 547 min barrel artırmaq qərarına gəlib. Bu artım, əvvəlki aylara nəzərən daha sürətli və əvvəlcədən planlaşdırılmış templəri üstələyir. Maraqlıdır ki, bunlar istehlakın azalması fonunda baş verir. ABŞ-dan gələn son iqtisadi statistikalar ölkədə iqtisadi aktivliyin zəiflədiyini göstərir. “JP Morgan” analitikləri xüsusilə işçi qüvvəsinə olan tələbin zəifləməsinin ABŞ-da resessiya riskini artırdığını qeyd edirlər. Eyni zamanda Çin hakimiyyəti iqtisadiyyata yeni stimullar tətbiq etməkdə tələsmir. Çin Kommunist Partiyasının iyul iclasında yeni dəstək tədbirləri elan edilməyib. “ING” şirkətinin analitiki Uorren Pattersona görə, əsas fundamental göstəricilər neft bazarında qiymətlərin enməsi dövrünün başladığını göstərir: “OPEC+ ölkələrinin hasilatı artırması ilin dördüncü rübündə təklifin artıq olmasına səbəb ola bilər”. “Bloomberg”in dərc etdiyi ekspert rəylərində isə qeyd olunur ki, bu ssenaridə əsas risk Rusiya nefti alan ölkələrə qarşı ikinci gömrük rüsumlarının tətbiq edilməsidir. Bu fonda Donald Tramp Hindistanın Rusiya nefti almasından narazılığını ifadə edərək bu ölkəyə qarşı gömrük rüsumlarını ciddi şəkildə artıracağını bəyan edib. Amerikalı politoloq Dmitri Drobnitskinin fikrincə , ticarət müharibələri və Trampın Rusiyaya ultimatumu bu payızda böyük qlobal iqtisadi böhrana səbəb ola bilər: “Bu, 2026-cı ilin əvvəlində baş verə bilərdi. Amma indi bu, asanlıqla bu payızda baş verə bilər. Və biz buna hazır olmalıyıq”.

Ramil QULİYEV

Seçilən
4
baki-xeber.com

1Mənbələr