AZ

İsti dalğanın sonu görünür: 2 gün sonra havalar dəyişəcək!

  Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu

Günlərdir ki, ölkə ərazisində kəskin istilər davam edir. Gözlər günəşdə, qulaqlarsa səsdədir; hava durumu necə olacaq, temperatur nə zaman aşağı enəcək? Milli Hidrometeorologiya Xidmətinin məlumatı hələ ki ümidverici sayılmaz. Rəsmi məlumata görə, bu gün də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +25 dərəcədən +29 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək yüksələcək.

Referans xəbər verir ki, kəskin istilərin səbəblərini Sherg.az-a izah edən meteoroloq, Lənkəran Dövlət Universitetinin baş müəllimi Cavidan Əliyev bildirdi ki, uzun müddət davam edən isti hava dalğası Ərəbistan yarımadasından daxil olan qaynar tropik hava kütlələri ilə bağlıdır. Nəticədə, havanın maksimal temperaturu Bakıda 38-40, Aran rayonlarında 41, Naxçıvan MR hava limanının məlumatına görə, 42 isti qeydə alınıb. Temperatur göstəriciləri iqlim normasından 3-5 dərəcə yüksək olub.

C.Əliyev sevindirici xəbər də verdi. Qeyd etdi ki, azacıq da dözmək lazımdır. 2 gündən sonra havanın mülayimləşəcəyi gözlənilir:

- Avqustun 9-dan başlayaraq şimal-qərbdən daxil olan mülayim hava kütlələri nəticəsində bir neçə gün ərzində temperaturlar 4-6 dərəcə aşağı enəcək. Bakıda havanın maksimal temperaturu 32-33, daha sonra 28-30 dərəcə təşkil edəcək.

C.Əliyev bildirdi ki, əvvəllər də Bakıda yayın bu cür isti keçdiyi müşahidə edilib:

- Əvvəllər də belə istilər olub. Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu. Bakıda temperatur davamlı olaraq 40-41 dərəcə idi. Havanın mülayimləşməsi, temperaturun enməsi ölkə ərazisinə daxil olan hava kütləsi - küləklərdən də asılıdır. Şimal-qərb küləyi havanın hərarətini aşağı salır. Şimal küləyi qış aylarında da temperaturu endirir. Üstünlük qışda da şimal-qərb küləyindədir.
Avqust ayında “quyruq doğması” və ya “quyruq donması” baş verdiyi və havaların sərinləməyə başlaması haqqında el arasında məşhur olan məsələ gəlincə, meteoroloq qeyd etdi ki, “quyruğun doğması”, əslində, avqustun 5-6-na təsadüf edir. Amma bu günlər göstərir ki, iqlimdə dəyişikliklər mütləq baş verir. Avqustun 5-6-sını artıq arxada qoymuşuq. “Quyruqsa” nə “doğub”, nə də “donub”:
- Mütləq deyil ki, havanın sərinləməsi avqustun 5-6-dan sonra, yaxud bir neçə gün sonra olacaq. Bəzən əksinə, avqustun ortaları, bəzən də sonları havalar daha da isti keçir.  

Seçilən
25
2
referans.az

3Mənbələr