AZ

"Putinlə dinc yanaşı yaşamaq mümkün deyil" - Harri Kasparov

"Avropa layihəsinin yeni versiyasına - gələcəyə hesablanmış, düşünülmüş və möhkəmləndirilmiş formada ehtiyac yaranıb..."

Müasir Avropa liderləri hələ də tam sülh içində bir ittifaq ideyasına möhkəm bağlanıb. Onlar zorakılıqdan istifadə etməməyə sadiq olduqlarını önə çıxararaq Avropa İttifaqının beynəlxalq arenadakı əsas fərqini bu amillə izah edir.  

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı şahmatçı və müxalifətçi siyasətçi, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov "gordonua.com" nəşrindəki bloqunda yazıb.

Müəllif yazır: "Onlar elə bilir ki, müharibə şəraitinə uyğunlaşmaq İttifaqın əsas missiyasını sıradan çıxaracaq. Halbuki əslində tam əksi doğrudur: yeni, daha sərt yanaşmalar qəbul etmək Avropanın uzun illər ərzində qurduğu sülh layihəsini qorumaq üçün yeganə şansıdır.

2014 və 2015-ci illərdə imzalanan Minsk razılaşmaları Rusiya imperiya ambisiyalarını cilovlaya bilmədi. Lakin bu işə Avropa İttifaqının təməlini təşkil edən sazişlərin yenidən nəzərdən keçirilməsi kömək edə bilər. Avropa layihəsinin yeni versiyasına - gələcəyə hesablanmış, düşünülmüş və möhkəmləndirilmiş formada ehtiyac yaranıb.

Birincisi - yekdillik prinsipidir.

Avropa İttifaqı ortaq məqsədlər naminə qurulmuş bir layihədir və bu məqsədlərə çatmaq üçün bir çox razılaşmalar imzalanıb. Bu səviyyədə uğurlar bu gün artıq çətin təsəvvür edilir, çünki Avropada artıq hər kəs ortaq hədəfləri bölüşmür.

İttifaqın ən iri maliyyə benefisiarlarından olan Macarıstan hazırda Avropa ideyasına qarşı işləyir. Slovakiya da çox geri qalmayıb. Təhlükəsizlik məsələlərində isə İspaniya hələ də İttifaqı müdafiə qabiliyyətinə malik bir qurum deyil, sadəcə sülh və mədəniyyət layihəsi kimi görür. Əgər Avropa yaşamaq istəyirsə, yekdillik prinsipindən imtina etməlidir.

İkincisi - geosiyasətdir.

Avropa "soyuq müharibə"nin yaralarını sağaltmaq üçün şərqdəki ölkələri qəbul etdi. Bu genişlənmə bəlkə də Avropa İttifaqının ən böyük geosiyasi uğurudur. Amma bu proses hələ başa çatmayıb, qarşıda daha böyük imkanlar var. Ukrayna, Moldova, Gürcüstan və Ermənistan - bu ölkələrin əhalisi böyük əksəriyyətlə Qərbə meyllidir. Avropa İttifaqı onlara gerçək və səmimi bir Avropa gələcəyi vəd etməlidir. Əks halda, demokratiyanın düşmənləri həmin ölkələrə tam əks istiqamətdə alternativ yol təklif etməkdə davam edəcəklər.

Üçüncüsü - müdafiədir.

Sülh layihəsi yalnız o halda yaşaya bilər ki, sülh müdafiə edilsin. Sülhdən qazanılan dividendlər dövrü artıq başa çatıb. İndi elə bir dövr gəlməlidir ki, Avropa həm özünü, həm də müttəfiqlərini müdafiə edə bilsin. Putinlə dinc yanaşı yaşamaq mümkün deyil. Və zamanla Avropa anlayacaq ki, bu, Si Tszinpinlə bağlı da keçərlidir.

ABŞ-ın təhlükəsizlik çətiri əvvəlki qədər güclü və etibarlı olmayacaq. Avropa İttifaqı öz dəyərlərini qorumaq üçün yeni müdafiə alətləri formalaşdırmalıdır. Sülhpərvər bir birlik olmaqla yanaşı, həm də zorakılıq təhdidlərinə cavab verə bilən, onu məhv etmək istəyənlərə qarşı möhkəm dayana bilən bir instituta çevrilməlidir.

Avropa uğursuzluğa məhkum deyil. Amma yaşamaq istəyirsə, anlamalıdır ki, azadlıq artıq ona verilmir - azadlıq uğrunda bütün mümkün vasitələrlə mübarizə aparmaq gərəkdir".

Seçilən
12
moderator.az

1Mənbələr