ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Rusiya ordusu Odessa vilayətində, Orlovka və Novoselskoye yaşayış məntəqələri yaxınlığında, Rumıniya ilə sərhəd bölgəsində yerləşən mühüm enerji infrastrukturunu hədəfə alıb. "Geran" tipli kamikadze dronlarla həyata keçirilən hücum nəticəsində strateji obyektlərə zərər dəyib. Hücum nəticəsində Ukrayna ilə Azərbaycan arasında yaxın zamanda imzalanmış qaz tədarükü sazişi çərçivəsində istifadə olunan infrastruktur zədələnib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Odessa vilayətində yerləşən qaz stansiyasına endirdiyi raket zərbəsini sərt şəkildə pisləyib. Prezident bu hücumun təsadüfi deyil, qəsdən həyata keçirildiyini bildirib.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Ukraynada Orlovka qaz kompressor stansiyasını hədəf almaq və Ukraynanın enerji infrastrukturunu sıradan çıxarmaq, həmçinin Ukraynaya qaz tədarükünün dayandırılmasına hesablanıb. Həmçinin Ukraynadan Avropada ixrac olunan maye yanacağının da qarşısını almağa yönəlib. Yəni göründüyü kimi, Rusiya konkret olaraq Ukraynanın bu istiqamətdə infrastrukturuna yönəlir.
Məhəmməd Əsədullazadə
“Azərbaycanla Ukrayna arasında bir neçə gün bundan əvvəl qaz ixracı ilə bağlı memorandum imzalanmışdı. Görünür, Rusiya bunu ciddi şəkildə özünə qarşı təhdid hesab edir və məhz buna görə Azərbaycana qarşı təxribat həyata keçirir”-deyən politoloq qeyd edib ki, Rusiya Avropaya qaz ixracını kifayət qədər azaldıb, həmçinin Ukrayna da Rusiya qazının Avropaya daşınması tranzitindən imtina edib, yəni Rusiya tərəfi məhz Azərbaycanla Ukrayna arasında qaz memorandumunun həyata keçiriləcəyi Orlovka Qaz kompressor stansiyasını vurmaqla “bir cavab” verib.
Politoloqun fikrincə, bu, Azərbaycana qarşı təxribatın əsas bir parçasıdır.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.