AZ

"Avropa İttifaqı Rusiyaya dəstəyə görə Çindən qisas almağa hazırlaşır" - "Politico

"Gizli dron tədarükü Pekini cəzalandıra bilər..."

Avropa İttifaqı bu payız Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Səbəb isə Pekinin Rusiya ilə Ukrayna arasındakı müharibədə Moskvanı dəstəkləməsidir.

Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.

Sanksiya planlarının arxasında duran əsas məqam iyul ayında "Reuters"in yayımladığı araşdırmadır. Jurnalistlər bildirib ki, Çin istehsalı olan dron mühərrikləri Rusiyaya gizli şəkildə, sənədlərdə "sənaye soyuducu sistemləri" kimi göstərilərək tədarük olunub. Məqsəd isə Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməkdir.

Avropanın 15 üzv dövləti bu məsələ ilə bağlı narahatlıqlarını Pekinə bildirib. Lakin Çin ya ittihamları rədd edib, ya da ümumiyyətlə cavab verməkdən imtina edib. Diplomatlar isə bu açıqlamalara inanmır. "Bu hesabat dəqiqdir və onu göstərir ki, Çin Rusiya ilə müharibədə həm miqyas, həm də keyfiyyət baxımından daha fəal rol oynamağa başlayıb. Açıq demək lazımdır: Çin olmasaydı, bu müharibənin gedişi tamam fərqli olardı", - avropalı diplomat bildirib.

Onun sözlərinə görə, Aİ Çin dronlarının Rusiyaya ötürülməsi barədə hələ KİV-də məlumatlar yayılmamışdan öncə də xəbərdar idi. Diplomat əlavə edib ki, "Avqustdan sonra sanksiyalar məsələsində israrlı olacağıq. Dialoq istəyirik, amma eyni zamanda konkret tədbirlər də görmək niyyətindəyik. Avropa öz iqtisadi gücünü əsla kiçiltməməlidir". Hazırda hansı növ sanksiyaların nəzərdə tutulduğu açıqlanmayıb.

Gərginləşən Çin-Avropa İttifaqı münasibətləri

Avropa İttifaqı daha öncə Çinlə bağlı 18-ci sanksiya paketində iki Çin bankını da hədəfə alıb. Onlar Rusiyanın sanksiyaları aşmasına yardım etməkdə və Rusiya ordusunu dəstəkləməkdə ittiham olunub. Lakin bildirilir ki, həmin banklar əgər altı ay ərzində Rusiyaya dəstəyi tam dayandırdıqlarını sübut edə bilsələr, "qara siyahı"dan çıxarıla bilərlər.

Çin tərəfi bu qərara sərt reaksiya verib. Ölkənin ticarət naziri Van Ventao bu məsələ ilə bağlı Avropa Komissiyasının ticarət üzrə nümayəndəsi Maroş Şefçoviçə "dərin narahatlıq" ifadə edib.

Bununla yanaşı, Avropa İttifaqı məşhur Çin platforması "Temu"nu da hədəfə alıb. Platformaya qarşı istehlakçı təhlükəsizliyinin təmin olunmaması və qeyri-qanuni malların yayılması ilə bağlı 6 faizlik cərimə tətbiq oluna bilər. Pekinlə Brüsselin münasibətləri artıq kifayət qədər gərgindir və görünür, qarşıdan gələn payız bu gərginliyi daha da artıracaq.

Seçilən
6
moderator.az

1Mənbələr