ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Kreml ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya lideri Vladimir Putin arasında keçirilən növbəti – artıq beşinci görüşə ev sahibliyi edib.
“AzPolitika" xəbər verir ki, tərəflər bu dəfə də mətbuata ətraflı məlumat verməkdən çəkiniblər. Lakin görüşün Trampın Moskvaya yönəltdiyi açıq ultimatum fonunda baş tutması, onun əhəmiyyətini artırır.
“Financial Times” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Rusiyadan 8 avqusta qədər Ukrayna ilə atəşkəs razılaşması imzalamağı tələb edir. Qəzetin yazdığına görə, Trampın Uitkoffun Moskva səfərindən ciddi gözləntiləri var və əgər danışıqlar nəticə verməsə, Tramp “qəzəblənəcək”.
Bu, rəsmi Vaşinqtonun indiyə qədər Moskvaya yönəltdiyi ən kəskin diplomatik mesaj kimi dəyərləndirilə bilər. Trampın bu addımı həm də seçkiöncəsi daxili auditoriyaya “müharibəni bitirə biləcək lider” obrazını göstərmək cəhdidir.
Görüş təxminən 2 saat 30 dəqiqə davam etsə də, tərəflər nə birgə bəyanat yayıblar, nə də mətbuat konfransı keçiriblər. Bu isə ya kəskin fikir ayrılıqlarının olduğunu, ya da prosesin hələlik gizli mərhələdə saxlanıldığını göstərir.
Putinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev görüşdən sonra sosial şəbəkə “X” hesabında qısa açıqlama verərək “Dialoq qalib gələcək” ifadəsini işlədib. Bu, tərəflərin hələ də tam qapalı olmadığını, diplomatik kanalların açıq saxlandığını göstərir.
Putinin köməkçisi Yuri Uşakov isə “Zvezda” telekanalına açıqlamasında danışıqları “faydalı və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, tərəflər “Ukrayna böhranı və ABŞ–Rusiya strateji əməkdaşlığının mümkün inkişaf perspektivlərini” müzakirə ediblər.
Uşakov diqqətçəkən bir detalı da açıqlayıb: “Bizim tərəfimizdən, xüsusilə də Ukrayna məsələsində bəzi siqnallar ötürüldü. ABŞ tərəfindən də Prezident Trampdan uyğun siqnallar alınıb”.
Bu ifadə birbaşa razılaşma əldə olunmasa da, mürəkkəb diplomatik alış-verişin getdiyini göstərir. Söhbət konkret sənədlərdən deyil, mövqelərin yoxlanılması və qarşı tərəfin həssas nöqtələrinin araşdırılmasından gedir.
Hazırda məlum olan budur ki, Vaşinqtonun Moskva ilə “səssiz diplomatiya” vasitəsilə anlaşmaya gəlmək niyyəti var. Lakin ABŞ-ın 8 avqusta qədər atəşkəs tələbi fonunda prosesin gələcək mərhələsi daha da gərgin ola bilər.
Əgər Putin bu tələbə müsbət cavab verməsə, Trampın ritorikası daha da sərtləşə bilər. Bu zaman sanksiyaların bərpası və ya yeni hərbi yardım paketləri ilə bağlı qərarların gündəmə gəlməsi istisna deyil.
Rasim Əliyev AzPolitika.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.