AZ

Xulio Velaskes: “Sabah” hörmətimizə layiqdir”

“Levski”nin baş məşqçisi Xulio Velaskes Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”la ilk oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Bakı və Sofiya klubları arasındakı ilk qarşılaşma sabah “Levski”nin stadionunda keçiriləcək.

Bolqarıstan təmsilçisinin ispaniyalı baş məşqçisi Xulio Velaskes bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah” APOEL və “Braqa”dan daha az tanınır. Bu səhər futbolçulara dedim ki, əvvəlki rəqiblərlə oyunlardakı kimi eyni məsuliyyətlə yanaşmasaq, bu, bizim tərəfimizdən çox böyük səhv olar. Rəqib bizim hörmətimizə layiqdir. Onları təhlil etmək üçün kifayət qədər vaxt və enerji sərf etmişik. Ötən mövsümdəki bir çox futbolçusu bu mövsüm komandada çıxış etməyə davam edir. Onların istedadlı və yaxşı oyunçuları var. Əgər rəqibə topla oynamağa və meydanın son hissəsinə çatmağa icazə versəniz, onlar son dərəcə təhlükəlidirlər. Mən “Sabah”da fərdi oyunçuları yox, komandanı fərqləndirərdim. Oyunçularıma, öz keyfiyyətlərimizə çox inanıram. Komandanın oyuna kökləndiyini və onların nə etməli olduqlarını aydın şəkildə dərk etdiyinə inanıram”.

“Levski”nin qapıçısı Svetoslav Vutsov da oyundan öncə mətbuat konfransına qatılıb və fikirlərini bölüşüb. Qolkiper Sofiya klubunun azarkeşlərini tərifləyib:

“Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm. Bu dövrdə ən böyük köməkçim mənə etibar edən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Çünki futbol kollektiv idman növüdür. Ümid edirəm ki, “Sabah”la matçda qələbə qazanmaqla azarkeşlərimizi sevindirəcəyik”.

Xatırladaq ki, “Levski” ilə “Sabah” arasındakı ilk matç sabah – avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Seçilən
11
arena.az

1Mənbələr