BAKI, 6 avqust. TELEQRAF
“Biz qalib gələ, uduza və ya heç-heçə edə bilərik. Amma oyunçuların meydanda otu da yeyəcəklərinə təminat verirəm”.
Teleqraf xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.
İspaniyalı mütəxəssis futbolçularının bu oyuna maksimum motivasiya ilə çıxacağını bildirib: “Kostadinov və Dimitrovun oynayacağı barədə hələ qərar verməmişik. Oyuna qədər vaxt var. Qarşıdakı matç bizim üçün çox vacibdir. “Beer Şeva” və “Braqa” ilə görüşlərdə olduğu kimi, bu dəfə də ciddi yanaşmalıyıq. Əksi böyük səhv olar. Rəqibə hörmətlə yanaşırıq və onları təhlil etmək üçün kifayət qədər vaxt ayırmışıq”.
Velaskes öz oyunlarına fokuslandıqlarını bildirib: “Qələbə istəyi ilə meydana çıxacağıq. Özümüzü favorit hesab etsək, deməli, artıq uduzmuşuq. Qalib gələn komandalar iddialı, amma təvazökar olurlar. Kimlər ki, öncədən nəyəsə nail olduqlarını düşünür, onlar hədəfə çata bilmirlər. Onlar ötən mövsümkü heyəti böyük ölçüdə qoruyub saxlayıblar. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Topu çox ələ keçirsələr, bizə problem yarada bilərlər”.
Təcrübəli mütəxəssis “Sabah”ın baş məşqçisinin vaxtilə Bolqarıstanda işləməsinin onlar üçün heç bir fərq yaratmayacağını da qeyd edib.