Avqustun 7-nə keçən gecə Rusiya hərbi dronları Odessanın “Orlovka” qazkompressor stansiyasına hücum edib...
Poliqon Rusiyanln müxalif "Aqentstvo Novosti" nəşrinə istinadən xəbər verir ki, bu stansiya Azərbaycan qazının Ukraynaya nəqli üçün istifadə edilən marşrutun bir hissəsidir. Rusiya hərbi bloqerləri və dövlətə yaxın media orqanları bu zərbəni “Azərbaycanın siyasi və iqtisadi ambisiyalarına qarşı atılan addım” kimi qiymətləndirib.
Ukraynanın Energetika Nazirliyi bildirib ki, hücum Rumıniya sərhədi yaxınlığında yerləşən və ABŞ-dan gətirilən mayeləşdirilmiş təbii qazın (LNG) Yunanıstan terminallarından Ukrayna anbarlarına çatdırıldığı Trans-Balkan qaz kəmərinin bir hissəsinə edilib. Eyni zamanda, həmin marşrutla Azərbaycan qazının sınaq məqsədilə tədarükü də həyata keçirilirdi. Bir neçə gün əvvəl “Naftoqaz”ın rəhbəri Sergey Koretski Bakı ilə Trans-Balkan kəməri vasitəsilə qaz tədarükünə dair saziş imzalandığını açıqlamışdı.
Ukrayna Energetika Nazirliyi bəyan edib ki, bu, Rusiyanın sırf mülki infrastruktur, o cümlədən enerji sisteminə, eləcə də Azərbaycan, ABŞ və Avropa tərəfdaşları ilə münasibətlərə qarşı yönəlmiş məqsədli hücumudur. Prezident Vladimir Zelenski hücumu “qışa hazırlığa qarşı şüurlu zərbə” adlandırıb.
Azərbaycan mətbuatı da hücuma reaksiya verib. Qeyd olunub ki, bu zərbə Bakı ilə Kiyev arasında yeni imzalanmış qaz təchizatı sazişinin icrası çərçivəsində istifadə olunan marşruta dəyib.
Rusiya Z-media mənsubları arasında məşhur olan “Dva mayor” Teleqram kanalı hücumun əsl ünvanatının Donald Tramp olduğunu iddia edib. “Tramp çıxış edərək Rusiyanı yenidən ikinci dərəcəli sanksiyalarla hədələdiyi vaxtda, görünür, rus ‘Geranilər’ ona açıq mesaj verdilər ki, Rusiya pul dərdində deyil”, – deyə kanalda yazılıb.
Z-blogger Yuri Podolyaka isə hücumu təkcə Ukraynaya yox, həm də “Azərbaycanlı tərəfdaşlarımızın maraqlarına qarşı” bir addım kimi təqdim edib. O, Odessada azərbaycanlılara məxsus yanacaq infrastrukturunun da məhv edilməsini və bunu “dost” İlham Əliyevə “gözəl bir hədiyyə” adlandırıb. Onun sözləri “Moskovskiy komsomolets” qəzetində “Alyevə mesaj: düzgün marşrut seçmədin” başlığı ilə, “Tsargrad” isə “Alyevə böyük hədiyyə: ruslar Odessada Azərbaycana zərbə endirdi” başlıqlı yazıda sitat gətirilib.
“Birinci kanal”ın teleaparıcısı Ruslan Ostaşkonun Teleqram kanalında yayımlanan şərhdə də qeyd olunub ki, hücum “Azərbaycanın Qərbin maraqlarına uyğun nümayişkaranə oyununa” qarşı atılmış addımdır. Bildirilib ki, bu, “Moskvadan Bakıya mesajdır: Rusiyanın infrastrukturundan istifadə etməklə Rusiyadan yan keçən marşrutlar qurmaq cəhdlərinə yol verilməyəcək”.
Xatırladaq ki, son həftələrdə Bakı ilə Moskva arasında münasibətlərdə gərginlik müşahidə olunur. Münaqişəyə səbəb isə Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi reyd olub. Nəticədə iki nəfər həlak olub.
Qeyd edək ki, ExPro analitik şirkətinin məlumatına görə, Ukraynada qaz ehtiyatları son 12 ilin ən aşağı səviyyəsindədir. Qaz anbarları cəmi üçdəbir doludur. Avqustun 5-nə olan məlumata əsasən, anbarlarda 10 milyard kubmetr qaz var və onun 10 faizi son 19 gün ərzində vurulub. Ukrayna Energetika Nazirliyi ölkənin qışı problemsiz keçirməsi üçün 13 milyard kubmetrə yaxın ehtiyatın tələb olunduğunu bildirib.
Poliqon.info