Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı ola biləcək vacib diplomatik hadisə baş vermək üzrədir. Azərbaycan Prezidenti İlham Əliyevin cümə günü Vaşinqtona planlaşdırılan səfəri həm regional, həm də ikitərəfli münasibətlər baxımından böyük əhəmiyyət kəsb edir. Səfərin əsas müzakirə mövzusunu Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları təşkil etsə də, bu səfər həm də Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşdırılması və strateji əməkdaşlığın gücləndirilməsi baxımından əlamətdar sayılır.
Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Azərbaycan prezidenti İlham Əliyevin cümə günü Vaşinqtona gözlənilən səfərində əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan danışıqları olacaq. Bununla bağlı irəli doğru addımın atılması barəsində fikir mübadiləsi aparılacaq. Ağ evin rəhbəri Donald Trampın liderlərlə həm üç tərəfli, həm də tək tərəfli görüşü, eyni zamanda Ermənistan-Azərbaycan liderlərinin də qarşılıqlı olaraq görüşü gözlənilir. Ancaq bu səfəri əhəmiyyətli edən daha bir məsələ isə Azərbaycan və ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımlardır. Məlum olduğu kimi Bayden adminstrasiyası dövründə ABŞ-nin Azərbaycana qarşı münasibəti heç də xoşa gəlimli deyildi. Bayden adminstrasiyasının ermənipərəsət siyasət yürütməsi və Ermənistanın xeyrinə olan aksiyalarda iştirak etməsi iki tərəfli münasibətlərdə gərginliyə səbəb olurdu. Hakimiyyətdən getməyinə saylı günlər qalmış Ermənistanla tərəfdaşlıq haqqında müqavilə imzaladı. Lakin Trampın hakimiyyətə gəlməsindən sonra bu münasibətin dəyişdiyinin şahidi oluruq. Tramp adminstrasiyası Baydendən fərqli olaraq Cənubi Qafqazdakı siyasətini reallıqlara uyğun şəkildə qurur. Məlum olduğu kimi Azərbaycan 5 il öncə Cənubi Qafqazda yeni geyosiyasi reallıqlar yaradıb, müharibədə qalib gələrək öz torpaqlarını azad edib. ABŞ da bu reallıqlarla barışıb".
Ekspert iki ölkə arasında siyasi-diplomatik müstəvidə əməkdaşlığın müzakirə edilə biləcəyini söyləyib:
"Əməkdaşlığın bərpa edilməsi üçün xeyli sayda imkanlar var. Enerji sahəsində də tərəfdaşlıq mümkündür. Məlum olduğu kimi Tramp adminstrasiyasının enerji sektoruna xüsusi marağı var. Azərbaycanla ABŞ arasında bu sahədə gücləndirilmiş şəkildə əməkdaşlıq davam etdirilə və yeni əməkdaşlıq mühiti açıla bilər. Həmçinin son zamanlarda dünya siyasətində trend olan yüksək texnologiyalardan birgə istifadə barəsində də iki ölkə arasında əməkdaşlıq ehtimal olunur. Tramp administrasiyası və Azərbaycan bu sahəyə xüsusi diqqət ayırır. Süni intelektin strategiyası barəsində də qərar verilib.
İki tərəfli münasibətlərdə irəli doğru atılacaq çox addımlar var. Trampın Cənubi Qafqazda loyal siyasət aparması Azərbaycanla əlaqələrin inkişafını daha cəlbedici edir".