Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Politoloq Elxan Şahinoğlu Rusiya ordusunun Ukrayna ərazisində Azərbaycan qazının nəql olunduğu boru xəttini hədəfə almasını Moskvanın dəyişməyən müharibə strategiyasının növbəti nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Kreml 2008-ci ildə Gürcüstana qarşı başladığı hərbi əməliyyatlarda necə enerji xətlərini təhdid etmişdisə, bu dəfə də analoji yanaşmanı Ukraynada nümayiş etdirir.
Elxan Şahinoğlu bildirib ki, 2008-ci ildə Rusiya Gürcüstana qarşı hərbi əməliyyatlara başlayanda Bakı-Tbilisi-Ceyhan boru xətti real təhlükə altında idi. Onun sözlərinə görə, Rusiyanın Gürcüstan ərazisinə atdığı mərmilər bu boru xəttini zədələyə bilərdi.
Politoloq qeyd edib ki, həmin müharibə daha uzun davam etsəydi, Kreml bilərəkdən Bakı-Tbilisi-Ceyhan boru kəmərinə zərər verə bilərdi. Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına çıxışı Moskvanı daim narahat edən əsas faktorlardan biri olub.
Elxan Şahinoğlu vurğulayıb ki, bu gün Kreml eyni ssenarini Ukrayna ərazisində tətbiq edir. Sadəcə olaraq, indi hədəfdə Gürcüstan deyil, Ukraynadır və Rusiya Azərbaycan qazının Ukrayna üzərindən nəql olunduğu boru xəttinə raket zərbəsi endirib.
O qeyd edib ki, bu hadisənin Azərbaycan-Rusiya münasibətlərindəki son dövrlərdə müşahidə olunan gərginliklə müəyyən əlaqəsi olsa da, əsas səbəb bundan ibarət deyil. Onun fikrincə, Azərbaycan Ukraynaya qaz ixrac etməyə başlayıb və Kreml bu ixracın qarşısını almaq üçün enerji infrastrukturuna hücum etməyə çalışır.
Politoloq əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər normal olsaydı belə, Moskva yenə də Ukrayna üzərindən qaz ixracına mane olmağa cəhd göstərəcəkdi. Çünki bu, Kremlin çoxdan məlum olan və dəyişməyən enerji siyasətinin bir hissəsidir: Qərbə yönəlmiş marşrutları təzyiq vasitəsinə çevirmək.
Rasim
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.