İlham Şaban: "Ag Evin siyasəti neftin ucuz qiymətə satılması deyil, onun stabil qiymətdə bazarda özünə yer tutmasıdır"
Donald Tramp tez-tez "yaşıl enerji"yə (bərpa olunan enerji mənbələrinə, məsələn, günəş və külək enerjisinə) tənqidi yanaşıb.
Onun fikrincə, bu sahəyə qoyulan sərmayələr iqtisadi baxımdan səmərəsiz ola bilər və ənənəvi enerji mənbələri – neft, qaz və kömür daha etibarlı və sərfəli enerji mənbələridir.
O, dəfələrlə külək turbinalarının bahalı olduğunu, çox yer tutduğunu, quşlara zərər verdiyini və elektrik enerjisini davamlı şəkildə istehsal etməkdə çətinlik çəkdiyini bildirib. Günəş panelləri haqqında da oxşar tənqidlər irəli sürüb – onların yüksək maliyyə tulumlu olduğunu və hava şəraitindən asılı olduğunu qeyd edib.
Bu fikirlər enerji siyasəti sahəsində geniş müzakirələrə səbəb olub. Çünki bir çox iqtisadçılar və iqlim alimləri hesab edirlər ki, yaşıl enerji uzunmüddətli dövrdə həm iqtisadi, həm də ekoloji baxımdan səmərəlidir – o, istixana qazlarının azaldılmasına, enerji asılılığının minimuma endirilməsinə və yeni iş yerlərinin yaradılmasına kömək edir.
Trampın bu mövqeinə uyğun olaraq BP artıq ABŞ-da neft hasilatını artırıb. BP şirkəti Meksika körfəzində "Argos Southwest Extension" layihəsinin icrasını uğurla başa çatdırıb. Layihə gündə 140 min barel neft hasil edən mövcud Arqos platformasından orta illik hasilata gündə 20 min barel neft ekvivalenti əlavə edəcək.
BP-nin Meksika və Kanada körfəzləri üzrə baş vitse-prezidenti Endi Kriqer mətbuata açıqlamasında deyib: “Argos Southwest Extension Amerikaya sərmayə qoymaq və ABŞ-ın dənizdəki hasilatını təhlükəsiz və səmərəli şəkildə artırmaq öhdəliyimizi vurğulayır. Bu layihə həm də Meksika körfəzində BP üçün əhəmiyyətli artım dövrünü başlayır. Bu, dünyanın hazırda və gələcəkdə ehtiyac duyduğu təhlükəsiz və davamlı enerji təchizatının təmin edilməsində mühüm rol oynamağa davam edəcək".
Bu tendensiya dünyada iqlim dəyisikliyini hədəfləyən "yaşıl enerji" prioritetini dəyişdirə bilərmi? Neft-qaz ölkələrində, o cümlədən də Azərbaycanda neft-qaz hasilatının genişlənməsinə təkan verə bilərmi?
Neft məsələlərı üzrə mütəxəssis İlham Şaban baki-xeber.com-a açıqlamasında bildirdi ki, bəli, bu mümkündür, dünya bazarında hazırda neft də, qaz da yetərincədir: "Məhz bu səbəbdən də Yaxın Şərqdəki qısamüddətliİsrail-İran müharibəsi belə neft qiymətlərini 80 dollardan baha qiymətə qaldıra bilmədi. Bu qiymət cəmi bir gün oldu və digər günlərdə neftin bir bareli 75 dollar ətrafında satılmağa başladı. Hazırda isə neftin bir bareli 70 dollar ətrafında ticarət edilir. Ag Evin siyasəti neftin ucuz qiymətə satılması deyil, onun stabil qiymətdə bazarda özünə yer tutmasıdır. Amerika istəyir ki, hasilatçılar daha çox yeni neft-qaz yataqlarının istismarına kapital qoyuluşu edə bilsinlər. Vaşinqton çalışır ki, onlarda hasil etdikləri enerji resurslarını bazarda stabil qiymətə satmaq imkanları olacağına inam yaransın".
Ekspertin də təsdiqlədiyi kimi, Donald Trampın "yaşıl enerji"yə qarşı tənqidi mövqeyi və ənənəvi enerji mənbələrinə, xüsusilə neft və təbii qaz sənayesinə verdiyi dəstək bu sektora investisiya axınını artıra bilər. Bu, bir neçə mexanizmlə baş verə bilər: əgər Tramp qarşıdakı dönəmdə yenidən prezident olsa və ya onun fikirləri siyasi cəhətdən dominant mövqeyə çevrilsə, neft və qaz sənayesi üçün daha əlverişli hüquqi və tənzimləyici mühit yaranacaq. Şirkətlər yaşıl enerjiyə qarşı çıxan siyasətləri sənaye üçün fürsət kimi qiymətləndirəcək.
Tramp administrasiyası əvvəlki dövrdə ətraf mühitlə bağlı qaydaları yüngülləşdirmişdi. Boru kəmərlərinin inşasına və neft-qaz hasilatına asanlıq gətirən qərarlar qəbul etmişdi. Bu da investorlara mesaj verirdi ki, daha az risq, daha çox sərfəli şəraitlərlə işləsinlər.
Əgər yaşıl enerji səmərəsiz kimi təqdim olunursa, bəzi investorlar bu sahəyə olan yatırımlarını əngəlləyib, vəsaitlərini ənənəvi enerji sektoruna yönəldə bilərlər.
Trampın “Amerika Enerji Müstəqilliyi” çağırışı ABŞ-ın öz neft və qaz hasilatını artıraraq xarici enerji asılılığını azaltmaq siyasətinə əsaslanır. Bu strategiya yerli hasilatı və infrastruktur yatırımlarını stimullaşdıra bilər.
Amma uzunmüddətli risqlər var. Neft və qaz sənayesinə sərmayələr Trampın dövründə artsa belə, qlobal miqyasda iqlim siyasətləri, karbon vergiləri, və ESG (ətraf mühit, sosial və idarəetmə) standartları uzunmüddətli perspektivdə bu investisiyalara mane ola bilər. Ən iri fondlar (məsələn, BlackRock) karbon-neytral siyasətə üstünlük verir.
Trampın "yaşıl enerji səmərəsizdir" fikri qısamüddətli dövrdə neft və qaz sektoruna investisiyaları artırmağa şərait yarada bilər. Lakin uzunmüddətli tendensiyalar hələ də yaşıl enerjiyə keçidi dəstəkləyir.
Akif NƏSİRLİ