Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun Baş katibi Mark Rütte ilə ölkəsinin hava məkanını pozan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentləri müzakirə edib.
Bu barədə “Report” “Al Arabiya”ya istinadən xəbər verir.
Telefon danışığı zamanı Litva XİN başçısı Rusiya PUA-ları tərəfindən NATO sərhədlərinin pozulması hallarının artmasının təhlükəli tendensiya olduğunu qeyd edib.
"Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələri NATO sərhədlərini aşır. İstiqamətindən yayınaraq NATO ərazisinə daxil olan Rusiya dronları mülki əhali və kritik infrastruktur üçün təhlükə yaradır", - K.Budris bildirib.
O, bunun bütün alyansın təhlükəsizliyi üçün ümumi çağırış olduğunu qeyd edib.
"NATO-nun şərq cinahında pilotsuz uçuş aparatlarının aşkarlanması və neytrallaşdırılması, hava hücumundan müdafiə imkanları dərhal gücləndirilməlidir", - nazir bəyan edib.