AZ

Xaricdə təhsil alanlar Azərbaycan universitetlərinə necə KÖÇÜRÜLƏ bilər? – Qaydalar AÇIQLANDI

Ölkədən kənarda ali təhsil alanların hər il Azərbaycan universitetlərinə köçürülməsi prosesi aparılır. Köçürülmə yay tətili dövründə 1 dəfə həyata keçirilir. Dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini və təhsilalma formasını dəyişən tələbələr istisna olmaqla köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Bəs köçürülmə üçün hansı meyarlar əsas götürülür? Tələbələr hansı şərtlərlə Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülür?

Bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin xarici dövlətlərin ali təhsil müəssisələrindən köçürülməsi prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”ına əsasən tənzimlənir.

Xatırladaq ki, həmin qaydalara əsasən, tələbənin əvvəllər qazandığı kreditlər nəzərə alınır, tələbənin tədris dilini dəyişməsinə icazə verilmir, onun topladığı bal köçürüldüyü ixtisasın minimal keçid balından çox olmalıdır, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə köçürülmə zamanı həm buraxılış, həm qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır, təhsilalma formasının dəyişdirilməsi həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir, tələbələr eyni ixtisas qrupu daxilində ixtisasını dəyişə bilərlər.

Günay Şahmar, Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr