AZ

BMU abituriyentlərə informasiya texnologiyaları ixtisası üzrə geniş imkanlar yaradır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin ötən ayın sonunda imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, proqramın icra müddəti 2030-cu ilədək təmin olunacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün BMU-İNHA İDP çərçivəsində qəbul aparılan ixtisaslar sırasında informasiya texnologiyaları da var.

BMU bu müasir və strateji əhəmiyyət daşıyan ixtisası ölkəmizdə tədris edən ilk universitetlərdən biridir.

Həyatımızın bütün sahələrinə dərindən nüfuz edən informasiya texnologiyaları geniş miqyasda çoxşaxəli istiqamətlər üzrə kommersiya və təşkilati problemləri həll etmək üçün texnologiyanın necə tətbiq olunduğunu öyrədir. Bu ixtisasın əsaslarına sahib olmaqla, məzunlar tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlar qazanırlar.

İxtisas tələbələrə kompüter şəbəkəsi layihələndiricisi, kompüter proqramçısı, kompüter sistemləri analitiki, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb-proqramçı və bir çox müxtəlif istiqamətlərdə peşəkar mütəxəssis kimi karyeralarını inkişaf etdirməyə geniş imkanlar açır. Tələbələr elektron məlumatın müxtəlif formalarının yaradılması, emalı, saxlanılması, qorunması, mübadiləsi üçün lazımi bilik və bacarıqlara yiyələnməklə, məzun olduqdan sonra süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, proqramçı, proqram təminatı üzrə mühəndis, data analitik və digər vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən informasiya və kommunikasiya mühəndisliyi, BMU tərəfindən isə informasiya texnologiyaları ixtisası üzrə bakalavr diplomları təqdim edilir.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və digər bütün xərcləri Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır.

Proqramla bağlı ətraflı məlumatı, o cümlədən sənədlərin son qəbul tarixi və digər mühüm məlumatları elandan əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
4
azertag.az

5Mənbələr