Dünyanın məşhur çimərlik kurortlarının çoxu sahil eroziyasının artması səbəbindən yaxın onilliklərdə su altında qalma riski ilə üzləşir. Ekologiya.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin məqaləsində bildirilir.
Qeyd olunur ki, sahillərin dağılması prosesi dəniz səviyyəsinin qalxmasına, eləcə də daha tez-tez fırtına və sunamilərə səbəb olan qlobal istiləşmə ilə birbaşa bağlıdır. Nəşrin məlumatına görə, sahilyanı ərazilərdə yaşayan dünya əhalisinin təxminən 10 faizi, həmçinin infrastruktur və turizm zonaları risk altındadır.
Çimərlikləri qorumaq üçün bir çox ölkədə səlahiyyətlilər böyük xərclər tələb edən tədbirlərə əl atırlar, xüsusən də sahil zolağına qum əlavə edirlər. Lakin bu cür səylər üçün böyük maliyyə vəsaiti lazımdır. Məsələn, 2020-ci ildən bəri sahildə artıq 11 evin uçduğu və sahilin ildə 3-4,5 metr geri çəkildiyi Amerikanın Rodante şəhərində bərpa işləri təxminən 40 milyon dollara başa gələcək ki, bu da yerli hakimiyyət orqanlarını çıxılmaz vəziyyətə salıb.
Qəzet diqqətə çatdırır ki, Avropada da vəziyyət oxşardır. Belə ki, Barselonada ildə 30 kubmetrə qədər qum yox olur və bu həcm 12 olimpiya hovuzuna bərabərdir.
Mütəxəssislər qeyd edirlər ki, sahilyanı ərazilərin aktiv inkişafı əlavə təhlükə yaradır ki, bu da yalnız eroziya prosesini sürətləndirir. Görülən tədbirlərə baxmayaraq, mütəxəssislər xəbərdarlıq edirlər: bəzi çimərliklər yəqin ki, əbədi olaraq itiriləcək.