AZ

Bakıda qotur küçə itləri çoxalır – Hər il 425 min manat hara xərclənir?

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı küçələrində dolaşan sahibsiz itlər üçün 425 min 685 manat vəsait ayırıb. Tenderin qalibi “Fəza-F” MMC olub. Şirkətdən küçə itlərinə 150 ton quru yem alınacağı açıqlanıb.

Amma bu məbləğ və miqyasda görülən işin yalnız qida ilə məhdudlaşması suallar doğurur. Küçə itlərinin təkcə ac qalmaması kifayət etmir, onların ciddi sağlamlıq problemləri də var.

Ən çox yayılan xəstəliklərdən biri isə qoturluqdur. Bu gün küçələrdə bədənləri tüksüz, yaralarla dolu, qaşıntıdan və ağrıdan gəzə bilməyən, bəzən isə insanlara qarşı aqressivləşən itlər şəhər mənzərəsinin bir parçasına çevrilib. Onların nə müalicə aldığı, nə də peyvəndlə təmin edildiyi görünür. İtlərə yem verilməsi müsbət addımdır, amma xəstəlik içində çabalayan canlıların sağaldılması da önəmlidir.

ASGAR

Mövzu ilə bağlı Musavat.com-a danışan baytar həkim Adil Əsgərov bildirib ki, hazırda sahibsiz itlər arasında qoturluq - yəni sarkoptoz və demodekoz xəstəlikləri geniş yayılıb:

“Rəsmi statistika olmasa da, həm baytarlıq klinikalarına edilən müraciətlərə, həm də şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, xüsusilə yay aylarında sahibsiz itlərin təxminən hər 10-15-dən birində qoturluq xəstəliyinin əlamətləri görünür”.

Baytar həkimin sözlərinə görə, bu xəstəliklərə iki növ parazit səbəb olur:

“Birinci növ “Sarcoptes scabiei canis” parazitidir. Mikroskopik ölçüdə olur və sərbəst halda yaşaya bilmir. Yoluxma adətən birbaşa təmas yolu ilə baş verir. İtlərdə qaşınma, tüklərin tökülməsi və dəri yaraları ilə özünü göstərir. Bəzən insanlara da yoluxa bilər, lakin bu, nadir hallarda baş verir və insanlarda yüngül qaşınma, dəri qızarması ilə özünü büruzə verir.

İkinci növ isə “Demodex canis” parazitidir. Bu, normalda da itlərin dərisində mövcuddur, lakin immunitet zəif olduqda şərti patogen haldan patogen hala keçir. Nəticədə qaşınma, tüksüz sahələr, ikincili dəri iltihabları yaranır. Bu parazit adətən nə digər itlərə, nə də insanlara keçir”.

“Havaların isti keçməsi parazitlərin artması üçün əlverişli mühit yaradır. Həmçinin yayda itlərin immuniteti zəifləyir, stress yaşayırlar, sahibsiz itlər daha çox bir yerdə toplanır və bu, xəstəliyin yayılmasını sürətləndirir”, - Adil Əsgərov bildirib.

Qoturluğun insanlara keçməsi ilə bağlı isə veterinar həkim deyib:

“Bu xəstəliklərin - həm demodekoz, həm də sarkoptozun insanlara keçməsi çox nadir hallarda müşahidə olunur və ciddi klinik əlamətlərlə müşayiət olunması ehtimalı da aşağıdır”.

Küçə itlərində bu xəstəliyin qarşısını almaq və müalicə etmək üçün hansı tədbirlər görülməlidir?

“Bu xəstəliklərin qarşısının alınmasındakı ən önəmli məsələ sahibsiz itlər və ev itlərinin yaşam şəraitinin yaxşılaşdırılması, düzgün qidalanmanın təmin olunması, gigiyena qaydalarına əməl olunmasından asılıdır. Müalicəsində isə bir sıra antiparazit preparatların tətbiqi, keyfiyyətli qidalandırma və immunitetin gücləndirilməsinə yönəlmiş müalicələr aparmaq mümkündür”, - deyə veterinar həkim vurğulayıb.

Sahibsiz itlərə yem verilməsi vacib addımdır, lakin bu, təkcə problemin görünən hissəsidir. Sağlamlıqla bağlı tədbirlər görülmədikcə nə şəhər sakinləri üçün təhlükə azalacaq, nə də küçə itlərinin əziyyəti bitəcək.
Musavat.com

Seçilən
10
ekologiya.az

1Mənbələr