ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun korteji 6 avqust tarixində Kremlin ərazisini tərk edib. Bu barədə RIA Novosti məlumat yayıb.
“Kortej, onunla hərəkət edən Uitkoffla birlikdə Kremlin ərazisini tərk etdi”, – deyə agentliyin məlumatında bildirilir. Avtomobil kolonu Kreml ərazisindən təxminən Moskva vaxtı ilə 14:30-da çıxıb.
Bundan bir neçə dəqiqə əvvəl Rusiya prezidenti Vladimir Putinlə Uitkoff arasında görüş başa çatıb.
Qeyd edək ki, Uitkoff bu gün səhər saatlarında Moskvaya səfər edib. Onu Vnukovo hava limanında Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Bu, Uitkoffun 2025-ci il ərzində Rusiyaya artıq beşinci səfəridir. Sonuncu dəfə o, aprelin 25-də Moskvaya gəlmiş və həmin vaxt da prezident Putinlə görüş keçirmişdi.
Siyasi şərhçi, amerikalı politoloq Pavel Dubravskinin sözlərinə görə, bu səfər ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı verdiyi son ultimatumlar fonunda Uitkoffun sonuncu Moskva səfəri ola bilər.
//Samir Qurbanov, Editor.az