AZ

Polşa 20 avroluq əsginasın dəyişdirilməsi tələbi ilə çıxış edib

Bakı, 6 avqust, AZƏRTAC

Polşanın elm və ali təhsil naziri Marçin Kulasek polyakların Nobel mükafatı laureatının elmi nailiyyətlərinə və mədəni köklərinə hörmət etmək üçün Avropa Mərkəzi Bankına (AMB) müraciət edib.

AZƏRTAC Polşa mediasına istinadla xəbər verir ki, nazir Marçin Kulasek 20 avroluq əsginasların yeni seriyasında Mariya Sklodovska-Küri adının və soyadının tam formasından istifadə edilməsi ilə bağlı AMB-yə rəsmi sorğu göndərib. Bu barədə Polşanın Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

Polşalı nazir AMB-nin rəhbəri Kristin Laqarda ünvanladığı məktubda vurğulayır ki, bu, təkcə düzgün rəsmiyyət məsələsi deyil, həm də Polşanın Avropanın elmi və mədəniyyət tarixinə verdiyi töhfənin tanınmasıdır: “Əsginasda Mariya Skłodovska-Kürinin tam adının və soyadının seçilməsi təkcə bizim Avropa ailəsinin üzvü olmağımızın deyil, həm də ümumxalq dəyərlərin – milli kimlik, tarix və irsin rəmzidir. Biz öz köklərimizi xatırlamağa və Polşanın dünya elminə verdiyi töhfəni dəstəkləməyə borcluyuq”, -deyə Polşa rəsmisi vurğulayıb.

Nazirlik xatırladıb ki, əsginasın orijinal dizaynında adın yalnız fransızca forması - "Marie Curie" var və bu, həm Polşa cəmiyyətində, həm də ondan kənarda tənqid dalğasına səbəb olub. Bəyanatda vurğulanır ki, Migel de Servantes və ya Lüdviq van Bethoven kimi digər görkəmli tarixi şəxsiyyətlər öz orijinal adları ilə təqdim edilib, polyak alimi isə bu kontekstdə təqdim olunmayıb.

Daha əvvəl “Politico” nəşri xəbər vermişdi ki, AMB “Avropa mədəniyyəti” mövzusunda yeni əsginaslar seriyası hazırlayır. Təsvirə mümkün namizədlər arasında müxtəlif elm sahələrində iki dəfə Nobel mükafatına layiq görülmüş yeganə qadın Mariya Skłodovska-Küri də var. Əvvəlcə bank onun adının yalnız fransızca variantından istifadə edib və bu, polyakların rəsmi reaksiyasına səbəb olub. Polşa Milli Bankının rəhbəri Adam Qlapinski artıq AMB-yə müvafiq məktub göndərib.

Seçilən
14
2
azertag.az

3Mənbələr