Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Deyirlər ki, indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq mümkün deyil. Sizlər də şahidisiniz ki, əksər qadın müğənnilərin paltarlarının ya yuxarı, ya da aşağı hissəsi söhbətimizin mövzusu kimidir. Vallah, yağışdan sonra göbələklər necə çoxalırsa, bu cür müğənni və geyimlər də hər gün çoxalır, yəqin fikir verənlər az olmaz aramızda.
Maraqlıdır, bu cür geyinmədən məşhurlaşmaq olmur? Geyimin məşhurlaşmağa, tanınmağa nə dəxli var? Hələ tək müğənnilər yox, bəzi televiziya aparıcıları da bu cür geyimlərə müraciət edir. Yox, vallah, bilmədiyimiz nələrsə var. Ya da hələ də dərketməmizin anlamağa imkan vermədiyi başqa bir məsələ var. Axı geyimlə məşhur olmağın nə əlaqəsi ola bilər ki?
Çox fikirləşəndən, götür-qoy edəndən sonra axır ki, tapdım bu cür geyimlərin səbəbini. Belə geyinən aparıcı və müğənnilərimiz var ha, onlara istedad və savad küləyi dəyməyib. Nə oxuduqları mahnıdır, nə səsləri səs, nə də televiziya kanallarında danışdıqları sözdür. Yığnaqdır. Bu səbəbdən də gücü verirlər geyimə ki, bəlkə geyimləri ilə diqqət çəkələr. Hə, müşahidə etdiyim müğənniləri də, aparıcıları göz önünə gətirdim, gördüm ki, ay Allah, necə də düz düşünürəm. Sizcə necə, doğru fikirdəyəmmi?
Mənimlə razılaşanlar, bilirəm ki, yüzlərlə, minlərlə olacaq. Razılaşmayanlara isə elə indicə real bir fakt söyləyəcəyəm. Ki, biz qəzet əhli ilə razılaşmaqdan başqa çarə ola bilməz. Buyurun, dinləyin. Əgər məşhur olmaq üçün bədənin yarısını açıb göstərməyi vacib bilirsinizsə, siz çox-çox yanılırsınız və səhv düşüncədə, səhv yoldasınız. Məşhur müğənnilərimizdən Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Fidan və Xuraman Qasımova bacıları, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, Şahnaz və Aybəniz Haşımova bacıları, Azərin, Zülfiyyə Xanbabayeva, aparıcılarımızdan Ofelya Sənani, Roza Tağıyeva, Şərqiyyə Hüseynova və adlarını çəkmədiyim, bunun üçün üzr istədiyim müğənni və aparıcı qadınlarımız var ki, onlar mentalitetimizə uyğun geyimləri ilə həmişə nümunə olublar. Eyni zamanda bu cür geyimlərində də Azərbaycanın ən məşhur müğənni və aparıcı qadınları olub və olmaqdadırlar ki, bundan sonra onları əvəz edə biləcək az sayda müğənni və aparıcı var.
Necə düşünürsünüz, razılaşırsınızmı mənimlə? Razılaşmalısınız, çünki haqlıyam. İndi sözüm həmin o müğənni və aparıcılaradır: istedadınız varsa, səhnəyə, ekranlara çıxın, inanın ki, paltarlı da məşhur olmaq mümkündür. Əks təqdirdə, istedadınız yoxdursa, üstəlik paltarınızı da biabırçı vəziyyətə gətirirsinizsə, çox yazıqlar olsun sizə ki, azərbaycanlısınız...
Hə, diqqətimi çəkən bir məsələni də deməsəm olmaz. Belə açıq-saçıq paltarlı müğənnilərin də, aparıcıların da əlləri, fikirləri qalır o açıq yerlərdə. Bunu da hər kəs bir cür dəyərləndirə bilər. Lakin mən belə dəyərləndirirəm ki, biz azərbaycanlıyıq, milli mentalitetimiz var. Şüuraltına həkk olunmuş genetik kodlarımızdı o əlləri açıq-saçıq yerlərə aparan. Buna çox sevinirəm. Çünki deməli, hələ də az-maz qalan nə isə var. Belə isə silmək yox, üstünə gətirmək barədə düşünmək lazımdır...
Xatirələrdə səsi, istedadı ilə deyil, bədəni ilə qalan müğənni və ya aparıcı olmaqdansa, bacardığıniz işin ardınca getməyiniz daha yaxşı olar.
Soyunmayın, siz Allah, yazıqdır bu insanların sizi görən gözləri...
Mətanət Məmmədova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.