ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Zaman keçdikcə tarix unudulmur – o, nəsillərin yaddaşında yaşayır, kimliyimizə çevrilir və gələcək üçün yol göstəricisi olur. Qərbi Azərbaycan isə bu tarixin ən dəyərli səhifələrindən biridir. Hər qarışı yaddaşımıza hopmuş bu yurda bağlılıq sadəcə duyğu deyil, həm də milli-mənəvi borcdur. Müasir çağırışlar fonunda bu bölgənin tarixinin elmi və strateji baxımdan araşdırılması, gələcək nəsillərə ötürülməsi daha vacibdir.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, akademik Fikrət Əliyev anadan olduğu Nüvədi kəndinin əhalisinin deportasiyasının 34-cü ildönümü ərəfəsində AZƏRTAC-a müsahibəsində bu bölgənin tarixi-coğrafi xüsusiyyətləri və yaddaşın qorunması barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.
- Meğri rayonunun, o cümlədən Nüvədi kəndinin Azərbaycan tarixindəki yeri, bu bölgənin etnik və coğrafi xüsusiyyətləri barədə məlumat verə bilərsinizmi? Qeyd edək ki, avqustun 8-i həm də Qərbi Azərbaycandan deportasiyanın son ünvanı olan Nüvədi kəndindən əhalinin çıxarılmasının - yəni deportasiyasının 34-cü ildönümüdür. Bu hadisə Azərbaycanın tarixi yaddaşında dərin iz buraxıb və bölgənin milli-mədəni kimliyinin qorunmasında önəmli yer tutur.
- Meğri rayonunun adının mənası ilə bağlı fikirlər müxtəlifdir - əsaslı və əsassız. Məsələn, ermənilər iddia edirlər ki, Meğri sözündəki “meğ” “bal” mənasını verir. Bu, ağ yalandır. Çünki rayonun ermənilərə aidiyyəti yoxdur. Bu söz qədim zamanlarda həmin ərazidə yaşamış türksoylu Mığır tayfasının adından yaranıb. Qeyd edim ki, atam Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” adlı kitabı var. Həmin kitabda xüsusi vurğulanır ki, Meğri əhalisi türk tayfalarından ibarətdir, o cümlədən də Mığır tayfasından. Təsəvvür edin, o boyda geniş ərazidə bir dənə də olsun erməni toponimi yoxdur, hamısı Azərbaycan mənşəlidir.
Nüvədi də tarixən azərbaycanlıların yaşadığı bir ərazi olub. Hətta İstanbulda mən tarixi sənədləri araşdırarkən şahidi olmuşam ki, Nüvədi ilk dəfə Osmanlı mənbələrində 1593-cü ildə Rəvan bəylərbəyliyinin (İrəvan əyaləti) Masırı nahiyəsində (inzibati bölgü vahidi) 25 təsərrüfatdan ibarət kənd kimi qeyd edilib.
İşğala qədər Nüvədi kəndinin ərazisi 270 kvadratkilometr olub. Bu kənd Meğri rayonunun ərazisinin təxminən 40 faizini əhatə edib. 1929-cu ilədək inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olub - Azərbaycan torpağı olub. Əvvəllər Naxçıvan – Ordubad ərazisi, sonra Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının ərazisinə daxil edilib. 1979-cu ilin statistikasına görə kəndin əhalisi sayı 1700 nəfərə çatıb. Nüvədi camaatı hər zaman yüksək təhsil səviyyəsi ilə seçilib, bölgədə maarifçilik ənənəsinin də daşıyıcısı olub.
- Deportasiya və etnik təzyiqlər necə? 1991-ci il deportasiyasının kökü sizcə haradan – nə vaxtdan başlayır? Bu çətinliklər sosial-iqtisadi həyata, demoqrafik vəziyyətə və milli-mədəni kimliyə nə dərəcədə təsir göstərib?
- Kəndin taleyi həqiqətən çox qəribədir. 1905-1906-cı, 1918-ci illər qırğınları, repressiya, deportasiya ayrı-ayrı hadisələrdir. Amma 1929-cu ildə başqa bir faciə yaşanıb. Saydığım bu illər terrorların sistematik baş verdiyi dövrlərdir. Amma fərqli illərdə də bizə qarşı təzyiqlər həmişə olub. Məsələn, 1906-cı ildə qonşu kənddən ermənilər hücum edib, amma kəndimizin əhalisi müqavimət göstərərək təslim olmayıb. Şiddətli döyüş və mühasirə bir aya yaxın davam edib. Sursat və azuqə tükəndiyinə görə camaat kənddən çıxmağa məcbur olub. Təxminən üç il sonra - 1909-cu ildə viran olmuş kəndə qayıdıb onu bərpa edərək yenidən yaşamağa başlayıblar.
Bu qırğın və talan çox keçmədən — 1918-ci ildə də təkrarlanıb. Babam belə nəql edirdi: “1918-ci ildə ermənilər hücum etdilər, evləri yandırdılar, dağıtdılar. Biz üç gün döyüşdük, top-tüfəngin qarşısında camaatı qırğına vermədik, nəhayət kənddən çıxmağa məcbur olduq. Bir də Nüvədiyə üç ildən sonra qayıtdıq. Evlərimizi, təsərrüfatlarımızı yenidən bərpa etdik. Amma ermənilər bizə qarşı müxtəlif təzyiqlərdən, təhdidlərdən əl çəkmədilər”.
- Bəs 1929-cu il? Siz bir qədər əvvəl bu tarixi xüsusilə vurğuladınız...
- Ümummilli Liderimiz dəfələrlə bu barədə çıxış edib. SSRİ rəhbərliyi Naxçıvanla Azərbaycanın digər bölgələrini ayıran Meğri eksklavını genişləndirmək istəyirdi. Buna görə də Zəngəzur, o cümlədən Meğri və Nüvədi sovet dövründə ermənilərə verildi — Prezident İlham Əliyev də həmişə bu tarixi həqiqəti vurğulayır. Qeyd edim ki, o vaxt Meğrinin Naxçıvanla Azərbaycanın digər bölgələrini ayıran hissəsi yalnız 11 kilometr idi. Sonradan bu yola Ordubadın Kilit kəndinə məxsus torpaqların bir hissəsi, Aldərə və bir neçə başqa kəndin də əraziləri əlavə edilərək məsafə 46 kilometrə çatdırılıb.
1929-cu ildə ermənilər müraciət edərək həmin torpaqların, o cümlədən bizim kəndimizin onlara verilməsini tələb ediblər. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan olub. Müraciət qəbul edilib və bu ərazilər qeyri-qanuni olaraq ermənilərə verilib. 1969-cu il mayın 8-də - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə iki ay qalmış Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bu məsələyə baxıb və Ali Sovetə tövsiyə olunub ki, o torpaqlar ermənilərə verilsin. Beləliklə, həmin torpaqlar ermənilərə verilməsi rəsmiləşdirilib. Xatirimdədir, 1980-ci illərin sonunda nüvədililər Azərbaycan Ali Sovetindən tələb edirdilər ki, həmin qərar ləğv olunsun. Hətta Nüvədi ziyalıları müraciət edərək məsələni Azərbaycan Ali Sovetinin gündəliyinə çıxarmaq istədilər, lakin bu alınmadı.
- Sonuncu deportasiya barədə nə deyə bilərsiniz? Siz özünüz bu hadisələrin canlı şahidi olmusunuz. Hadisələr necə başladı, necə davam etdi?
- Qərbi Azərbaycanda azərbaycanlılara qarşı deportasiya siyasəti 1987-ci ildən başladı və 1988-ci ildə sürətləndi. Noyabr ayında isə yalnız Nüvədi camaatından başqa bütün azərbaycanlı əhali dədə-baba yurdlarından zorla didərgin salındı. 1989-cu ildən ermənilər diqqətini Nüvədiyə yönəltdilər və vəziyyət daha da gərginləşdi. Ancaq kənd camaatının müqaviməti sayəsində Nüvədi 1991-ci ilə qədər qorundu.
- Deportasiyadan sonrakı proseslər hansı formada davam etdi? Hansı istiqamətlərdə çətinliklərlə üzləşdiniz?
- Nüvədidən camaat çıxan gün mən Moskvaya getməyi qərara aldım və getdim. Qəbul otağına gələrək, Qarbaçovla görüşmək istədiyimi bildirdim. Görüş üçün vaxt təyin edildi. Getdim görüşə, dedilər ki, Qorbaçov axşam həbs olunub, Krımdadır. Həmin gecə Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) rəhbəri, SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevin avqust hadisələri başlamışdı. Sonra Yanayevlə görüşmək istədim, mənə üç gün gözləməyimi bildirdilər. Üç gündən sonra yenə qəbula getdim. Dedilər ki, müdafiə nazirinə tapşırıq verilib. SSRİ ordusu Qafandan başlayaraq erməni terrorçuları tərk-silah edəcək, hər şey öz qaydasına düşəcək, mən də bu məsələdə onlara yardım edəcəm. Çox sevindim. Növbəti gün getdim, dedilər, qəbul olmayacaq, məni SSRİ Ali Sovetinin sədri Aleksandr Lukyanovun qəbuluna göndərdilər. Getdim Ali Sovetə, Lukyanov iclasda olduğu üçün məni köməkçisi Aleksandrov qəbul etdi, vəziyyəti danışdım. Mənə dedi ki, Nüvədi Ermənistanın ərazidir, nəsə etmək mümkün deyil. Bu sözə etirazımı bildirdim, məni tutdular, həbs etmək istədilər. Beləliklə heç nəyə nail olmaq alınmadı. Qayıtdım Bakıya.
Evlərindən qovulan Nüvədi camaatı Zəngilan rayonunun Vejnəli kəndinin yaxınlığında çadırlarda məskunlaşmışdı. Azərbaycanın müxtəlif ərazilərindən yardımlar gəlirdi, amma ölkə rəhbərliyi bu məsələyə laqeyd yanaşırdı. Ona görə vəziyyət çox ağırlaşanda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Ulu Öndər Heydər Əliyevə zəng etməli oldum. Ümummilli Lider dərhal dəstək göstərilməsi barədə tapşırıq verdi, nüvədililərə Naxçıvandan mütəmadi olaraq yardımlargöndərildi.
- Son olaraq Qərbi Azərbaycana qayıdış haqqında fikirlərinizi bilmək istərdim.
- Yaxşı bilirik ki, Azərbaycan Respublikası heç vaxt indiki qədər güclü olmayıb. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi milli tariximizdə bənzəri olmayan bir hadisədir. İndi isə qarşımızda yeni bir vəzifə - Qərbi Azərbaycana qayıtmaq məsələsi dayanır. Bu gün o torpaqların 80 faizi boşdur. Evlərin daşlarını, qapı-pəncərələrini söküb aparmaqdan başqa heç nə edə bilməyiblər. Çünki orada yaşamaq istəmirlər, bilirlər ki, o kəndlər onların deyil. Amma bu gün cənab Prezident İlham Əliyev deyir: “Biz Qərbi azərbaycanlıları topsuz-tüfəngsiz geri qaytaracağıq”. Bu, bizim üçün çox böyük xoşbəxtlikdir. Mən də bir Qərbi azərbaycanlı kimi deyirəm ki, biz Prezidentimizin qətiyyətinə inanırıq, əl-ələ verib oraya qayıtmaq məsələsini gündəmdə saxlamalıyıq. Düşünürəm ki, biz mütləq oraya qayıdacağıq. Mən qəti inanır və hiss edirəm ki, Qərbi Azərbaycana qayıdış uzaqda deyil. Bu baxımdan, gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar kim olduqlarını bilməlidirlər, milli kimliklərini unutmamalıdırlar, tarixlərinə dərindən bələd olmalıdırlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.