AZ

Polis haqqında qanuna dəyişiklik: nə dəyişir?!

ain.az, Bizimyol saytına istinadən bildirir.

"Polis haqqında" qanuna son dəyişiklik təsdiq olundu. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu dəyişikliyə zərurət kimi polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək göstərilib.

Başqa sözlə, polisi maliyyələşdirmək üçün əlavə mənbələr tapılıb. Qanuna dəyişiklikdə nələr nəzərdə tutulur?

Əvvəla, bir yenilik budur ki, polisin istintaqını apardığı cinayət işi üzrə, eləcə də cinayət təqibi ilə bağlı başqa materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi polis orqanının xəzinəsinə köçürüləcək. Yəni hansısa polis idarəsində, yaxud polis şöbəsində müstəntiq istintaq aparır və cinayət zamanı dövlətə, tutaq ki, 100 min manat ziyan vurulduğunu aşkar edir. Bu ziyanın dövlət büdcəsinə ödənilməsini təmin edir. O zaman həmin məbləğin - 100 min manatın 5 faizi, yəni 5 min manat polisə bonus olaraq ödənilir. Bundan başqa cinayət törətmiş şəxs və ya qurum dövlətə vurduğu zərəri ödəməyin qarşılığında cinayət məsuliyyətindən azad edilirsə, bu ödənilmiş məbləğin də 5 faizi polisə çatır.

Həmin vəsaitdən istifadə qaydasını isə, qanunda göstərildiyi kimi, müvafuq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək. Çox güman ki, bununla bağlı Nazirlər Kabineti qərarı əsasında Maliyyə Nazirliyi həmin məbləği Daxili İşlər Nazirliyinin hesabına köçürəcək.

Dəyişikliyin məqsədi aydındır: polis orqanlarının fəaliyyətini daha da gücləndirmək. Bunun üçün nə lazımdır? Təbii ki, əlavə texniki vasitələr, avadanlıqlar, əlavə işçi qüvvəsi lazımdır. Bunun üçün isə əlavə maliyyə vəsaiti gərəkdir. Dövlət büdcəsindən polisin fəaliyyəti üçün ayrılan vəsait bəs etmir. Deməli, yeni mənbələr tapmaq zərurəti yaranır. Bəs bu mənbələr kimlərdir? Dövlətə zərər vuranlar. Birinci növbədə dövlətin malını, pulunu talayanlar, korrupsiyaya qurşananlar. "Polis haqqında" qanuna son dəyişiklik polis əməkdaşlarını korrupsiya ilə, dövlət əmlakını dağıdanlarla mübarizəyə daha çox həvəsləndirir. Ancaq bu zaman polisin özünə də nəzarət, o cümlədən, prokurorluq orqanlarının nəzarəti gücləndirilməlidir, Daxili İşlər Nazirliyinin özünün nəzarəti artmalıdır. Buna zərurət yaranır. Çünki polis işçiləri özləri dövlətə dəymiş zərərin məbləğinin qəsdən artırılmasında və ya əksinə azaldılmasında maraqlı ola bilərlər. Zərərin həcmi böyüdükcə, rəsmi bonusun məbləği böyüycək. Ancaq zərəri qəsdən azaldıb, qanunsuzluğu törətmiş şəxsdən və qurumdan qeyri-rəsmi "bonus" almaq istəyənlər də olacaq. Odur ki, polis elə davranmalıdır ki, həm qurunun oduna yaşı yandırmasın, həm də dövlətə zərər vuranı sudan quru çıxarmasın.

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr