AZ

Ailəsinin təzyiqi ilə ixtisas seçən gənclər: Peşəkar, yoxsa qurban?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Biz səni yaxşı gələcəyin olsun deyə bu yola yönəltmişik”. Bu cümlə neçə gəncin xəyalını yarımçıq buraxdı, neçə gəncin həyatını ona aid olmayan peşələrə həsr etdi?

Azərbaycanda ixtisas seçimi çox zaman şəxsin istək və maraqları ilə deyil, ailənin gözləntiləri və təzyiqi ilə müəyyən olunur. Valideynlər övladlarını daha “etibarlı”, “gəlirli” və “cəmiyyətə uyğun” ixtisaslara yönəltməyə çalışır. Həkimlik, hüquqşünaslıq, mühəndislik kimi sahələr ailələr tərəfindən “zəmanətli gələcək” kimi təqdim olunur. Amma bir sual unudulur. Bəs həmin gəncin bu sahəyə marağı varmı?

Təəssüf ki, bir çox gənc bu təzyiqlərə tabe olur. Daxilində musiqiyə, sənətə, yazarlığa, dizayna, psixologiyaya və ya tam fərqli sahəyə yönəlmək arzusu olan biri, özünü 5 il ərzində, bəzən bir ömürlük, aid olmadığı bir peşənin içində tapır. Diplom əldə edir, işə girir, hətta uğur da qazanır. Amma içində bir boşluq olur. Öz həyatını deyil, başqasının xəyalını yaşadığı hissi onu illərlə rahat buraxmır.

Ən böyük paradoks odur ki, bəzən valideynin “təhlükəsiz yol” dediyi ixtisas, zaman keçdikcə əmək bazarında sıradanlaşır, tələbat azalır. O isə fərqlənə bilməyən, həvəsi olmayan, işindən küskün biri olur. Halbuki insan öz istədiyi sahədə oxusa və işləsə, daha məhsuldar olar, stressə daha az məruz qalar və yeniliklərə daha tez uyğunlaşar.

İxtisas sadəcə diplom deyil, insanın həyat yoludur. Valideyn övladını qorumaq istəyirsə, onu dinləməli, maraq dairəsini, bacarıqlarını və daxili enerjisini tanımalıdır. “Sənə yaxşı olsun deyə” deyil, “sən özünü xoşbəxt hiss edəsən deyə” yanaşmaq lazımdır.

Hər uğurlu görünən peşəkar həqiqətən seçdiyi yoldadırmı? Yoxsa sadəcə başqasının arzularının yükünü daşıyır? Və neçə valideyn, bu sualın cavabını eşitmək üçün yetərincə açıqdır?

Əgər bir gənc sabah peşəsinin zirvəsində olsa belə, daxilində “kaş ki…” deyirsə, o zaman onu qələbə deyil, qurban saymaq olar.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bizimyol.info

1Mənbələr