Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cəmiyyət olaraq çox zaman niyyətimiz yaxşı olsa da, yanaşmamız zərərlidir. Əlilliyi olan insanlara qarşı sərgilədiyimiz "acıma" hissi ilk baxışdan mərhəmətli görünsə də onların ləyaqətli həyat yaşamaq hüququna mane olur. Çünki bu yanaşma onları fərqli, hətta ikinci dərəcəli insan kimi qəbul etdiyimizin göstəricisidir.
Əlillik, bir şəxsin fiziki, zehni və ya duyğu baxımından fərqli imkanlara sahib olmasıdır. Bu fərqliliklər onların daha az dəyərli, daha az qabiliyyətli və ya yalnız yardım obyektləri olduğunu göstərmir. Əksinə, əgər cəmiyyət infrastrukturunu, hüquqi mühitini və sosial münasibətlərini düzgün formalaşdırsa, bu insanlar da tam bərabər şəkildə təhsil ala, işləyə, ictimai həyatda iştirak edə və məhsuldar ola bilərlər.
Təəssüf ki, bizdə bu mövzuda iki yanlış yanaşma var. Belə ki, əlilliyi olan şəxsin cüzi bir nailiyyəti belə “möcüzə” kimi təqdim olunur. “O, əlildir, amma işləyir!”, “Təəccüblüdür, amma universitetə girib!” – bu cümlələrdəki təəccüb və alqış fərqliliyin bərabərlik olaraq qəbul edilmədiyini sübut edir.
“Yazıqdır”, “Məsumdur”, “Bədbəxt taleyi var” kimi yanaşmalar şəxsin iradəsini, şəxsiyyətini və həyatın içində aktiv rol alma potensialını kölgələyir. Halbuki əlilliyi olan şəxslər sadəcə bərabər imkanlar istəyir. İş imkanı, ictimai nəqliyyatda əlçatanlıq, ləyaqətli münasibət və etimad.
Onlara yardım etmək istəyiriksə, ilk addım onları acınacaq yox, güclü fərdlər kimi görməkdir. Onları işə götürməli, təhsil haqlarında güzəştlər deyil, şərait təmin etməli, onlara şəffaf müsabiqələrdə yer açmalıyıq.
Əlillik fiziki bir məhdudiyyət ola bilər, amma sosial maneələr, ayrıseçkilik və stereotiplər bu insanların qarşısında duran əsas əngəldir. Və bu maneələri yalnız qanunlar yox, baxışımız və dilimiz aradan qaldıra bilər.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.