Bakı, 6 avqust, Göyçək Mahmudlu, AZƏRTAC
Artıq üçüncü ildir ki, "YAŞAT" Fondu tərəfindən Avropada şəhidlərimizin övladları üçün yay məktəbi təşkil olunur. Həmin layihə bu il də ötənilki kimi London şəhərində həyata keçirildi. London Universitet Kollecinin nəzdində reallaşdırıldı. Həmin universitet dünyada ən reytinqli 10 universitetdən biri hesab olunur. Layihə iştirakçıları 9-cu sinfin buraxılış imtahanlarında ən yüksək nəticə əldə etmiş 10 şəhid övladından ibarət oldu. Proqram iki həftə müddətində davam etdi. Layihənin əsas məqsədi şəhid övladlarının dil biliklərini artırmaq, onları yeni mədəniyyətlərlə tanış etmək, yeni dostluqlar, tanışlıqlar qazanmalarına dəstək olmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun nümayəndəsi Əhyə Salamova deyib.
Onun sözlərinə görə, üçillik təcrübə onu göstərir ki, uşaqlar həmin layihədə iştirak etmək üçün dərslərinə çox ciddi hazırlaşır, imtahanda yüksək nəticə əldə etməyə çalışırlar. Bu da layihənin görünməyən tərəflərini üzə çıxarmış olur və uşaqlara motivasiya verir: "Bu cür layihələrin gələcəkdə də keçirilməsi planlaşdırılır və arzuolunandır. Bununla bağlı hər zaman tərəfdaşlarımızın da dəstəyini gözləyirik. Builki layihəmiz 14 gün davam etdi. Şəhidlərimizin övladları proqram daxilində Londonun bütün gəzməli-görməli yerlərində ekskursiyalarda oldu, ingilis dili dərslərində iştirak etdilər. Eyni zamanda, həftə sonları Kembric və Kenterveri şəhərlərinə səyahət etdilər".
Vətən müharibəsi şəhidi, mayor Elnur Hacıyevin qızı Hicran Hacızadə yay məktəbinin maraqlı keçdiyini diqqətə çatdırıb: "Builki yay məktəbində iştirak edəcək 10 nəfərin arasında olmağı gözləmirdim. Düşünürdüm ki, məndən çox bal toplayanlar da olacaq. Londona getmək şansı əldə etdiyimi anamdan öyrəndim. Buna görə çox sevindim və dərhal hazırlaşmağa başladım. Yay məktəbinin necə keçəcəyini, kimlərlə tanış olacağımı düşünürdüm. Çox həyəcanlı idim. İki həftəmiz çox maraqlı keçdi. Yeni dostluqlar qurduq. İngilis dili dərslərinə qoşularaq dil biliklərimizi inkişaf etdirdik. Londonun məşhur yerləri ilə fərqli məkanlarla tanış olduq".
Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Taleh İsmayılovun oğlu Murad İsmayılov yay məktəbinin yaddaqalan olduğunu deyib: "İki həftə ərzində biliklərimi daha da inkişaf etdirdim. Bu müddət ərzində həm yeni dostlar qazandım, həm də ingilis dili və tarix üzrə biliklərimi təkmilləşdirdim. Londonda getdiyimiz muzeylər, kilsələr barədə məlumatlılığım artdı. Kurslar zamanı isə ingilis dilini inkişaf etdirdim. Gələnilki doqquzuncu sinif şagirdlərinə tövsiyə edirəm ki, daha çox çalışıb, yüksək nəticə göstərməyə nail olsunlar və yay məktəbində iştirak şansı qazansınlar".