İtaliyada həkimlər başına arbalet oxu saplanmış bir şəxsin həyatını xilas ediblər. O, bu vəziyyətdə iki gün yaşamağa davam edib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
Hadisə Ankona şəhərində baş verib. Yerli xəstəxananın neyrocərrahiyyə şöbəsinin rəhbəri professor Mauritsio Yakoandjelinin sözlərinə görə, 64 yaşlı kişi təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun başına saplanmış ox alından girərək başın arxa hissəsinədək nüfuz edib. Həkim bildirib ki, bu cür ağır xəsarətə baxmayaraq, kişi möcüzəvi şəkildə sağ qalıb və iki gün ərzində başındakı yad cisimlə yaşamağa davam edib. Xəstəxanaya gətiriləndə isə şüuru yerində olub.
Professorun sözlərinə görə, ox beyin fəaliyyətinə cavabdeh olan həyati mərkəzlərə toxunmayıb. Cərrahlar oxu uğurla çıxarıblar və pasienti reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda onun vəziyyəti ağırdır, həkimlər həyatını xilas etməyə çalışırlar.