Ermənistan Müdafiə Nazirliyinin avqustun 4-də Sünik (Zəngəzur) rayonu ərazisində yol tikintisi aparan ekskavatora guya Azərbaycan Ordusu tərəfindən atəş açıldığı barədə yaydığı iddia, həm məzmunu, həm də vaxtlaması baxımından diqqət çəkir.
Azərbaycan Müdafiə Nazirliyinin dərhal verdiyi təkzib bəyanatı, hadisənin manipulyativ xarakter daşıdığını göstərir. İddianın, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçiriləcək görüşündən cəmi bir neçə gün əvvəl ortaya atılması təsadüfi görünmür.
Bu addım, bir tərəfdən, beynəlxalq ictimaiyyət qarşısında bölgədə hələ də eskalasiya riskinin mövcud olduğunu göstərmək, digər tərəfdən isə sülh gündəliyini ləngitmək məqsədi daşıya bilər. Xüsusilə Ermənistan daxilində və onun xaricində, prosesin sürətli irəliləməsini istəməyən qüvvələrin varlığı məlumdur. Buraya həm Rusiyanın regiondakı vasitəçilik mövqeyini qorumaq istəyindən irəli gələn siyasi motivlər, həm də Ermənistan ordusu daxilindəki Rusiyaya bağlı qrupların təsiri daxildir.
Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninə dair əksər şərtlər razılaşdırılsa da, yekun addım yalnız iki paytaxtın siyasi iradəsi ilə müəyyən olunmur. Region uğrunda Qərb və Rusiya arasında gedən geosiyasi rəqabət, hər iki tərəfin atacağı hər diplomatik addımın fonunda alternativ təsir mexanizmlərinin işə salınmasına səbəb olur.
Bu kontekstdə, Sünikdə baş verdiyi iddia edilən insident, Vaşinqton görüşü ərəfəsində danışıqlar mühitinə psixoloji təsir göstərmək və Qərbin vasitəçilik formatını sual altına almaq cəhdi kimi qiymətləndirilə bilər. Əgər tərəflər qarşıdakı günlərdə “niyyət protokolu” imzalamağa nail olsalar, bu, Cənubi Qafqaz diplomatiyasında yeni mərhələnin başlanğıcı olacaq. Lakin regiondakı güc balansının hələ də həssas olması, prosesin hər an kənar müdaxilələrlə ləngidilə biləcəyini göstərir.
Züriyə Qarayeva