AZ

“Məhz bu amil məni Azərbaycana gətirdi” – Dambrauskas

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bolqarıstanın “dsport.bg” saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin “Levski” ilə oyunu haqda fikirlərini bölüşüb:

“Levski”ni detallı təhlil etmişik. Bolqarıstandan ayrılsam da, bu ölkənin futbollarını izləyir, mətbuatını oxuyuram. Ən çox da “Ludoqorets”lə bağlı. Bolqarıstanda çoxlu dostlarım var. Onlarla daim əlaqədəyəm.

“Levski” inkişaf edir. Ötən mövsüm ikinci olmaları bunu təsdiq edir. Komanda xüsusilə ev oyunlarında aqressiv oynayır. “Braqa” ilə qolsuz heç-heçə etsələr də, çox yaxşı oynamışdılar. Bu, gördüyüm ən yaxşı 0:0-lardan idi. Azarkeşləri stadionda möhtəşəm atmosfer yaratmışdı. Yenidən bu atmosferi yaşamaq üçün səbirsizlənirəm”.

Mütəxəssis “Sabah”a keçidi haqda danışıb:

“Sabah” gənc klubdur, amma ambisiyaları var. Məhz bu amil məni Azərbaycana gətirdi. Rəhbərliyin düşüncə tərzini, planını bəyənirəm. Klub hər il inkişaf edir və hədəflər yüksəlir. Biz də bu məqsədə çatacaq, azarkeşləri sevindirə biləcək bir komanda yaratmaq istəyirik”.

Dambrauskas III təsnifat mərhələsinin Bakıda keçiriləcək cavab oyununda “Levski”ni gözləyənlərdən söz açdı:

“Bolqarlar yeni ölkə, yeni şəhər kəşf edəcəklər. Azərbaycan xalqı çox səmimi və qonaqpərvərdir. Sizi hər zaman açıq ürəklə qarşılayacaqlar. Bakı çox təsirli mənzərələri olan inanılmaz şəhərdir. Üstəlik, qiymətlər digər Avropa ölkələrinə nisbətən ucuzdur. Bakıya gələn azarkeşlər möhtəşəm vaxt keçirəcəklər”.

Mütəxəssis komandanın avrokuboklardakı hədəflərinə də toxunub:

“Məşqçi kimi yalnız növbəti oyuna fokuslanıram. İndi qarşımızda “Levski” ilə matç var. İnanıram ki, Bolqarıstanın ən yaxşı komandalarından birinə qarşı necə mübarizə apara biləcəyimizi göstərəcəyik. “Çelye” və “Petrokub”la oyunlar bizə özümüz haqda çox məlumat verdi. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacağıq”.

Seçilən
17
1
futbolpress.az

2Mənbələr